Bakı. Trend:
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dünya Bankı məlumatların idarə olunması strategiyası üzərində çalışır.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.
"Rəqəmsal infrastrukturun əsas aspektlərindən biri məlumat mübadiləsinə imkan verəcək infrastrukturdur. Hökumətin istər yeni məhsulların hazırlanması, istərsə də mövcud məhsulların təkmilləşdirilməsi kimi məqsədlərində istifadə olunmalı məlumatları var. Biz məlumatlar haqqında düşünərkən adətən məlumat mübadiləsini müstəsna olaraq hökumətlə assosiasiya edirik, lakin bu, ikitərəfli hərəkət yoludur, çünki müəssisələrin də məlumatları var və onlar bu məlumatları paylaşmağa hazır olmalıdır. Anlayıram ki, biznesin öz xüsusiyyətləri var, lakin məlumat toplamaya tam yanaşmamız olsa, biznesin startapları olan müxtəlif müəssisələrlə məlumatları bölüşmək imkanı olacaq və onlar bu məlumatlardana yeni innovasiya məhsullarının yaradılmasında istifadə edə biləcəklər", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal infrastruktur innovasiyalara imkan yaradan təməl amildir.
"Nazirlik hazırda Dünya Bankı ilə məlumatların idarə olunması strategiyası üzərində çalışır və indicə qeyd etdiyim bütün aspektlər bu strategiyada nəzərdən keçiriləcək" - deyə o əlavə edib.
Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.
Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.
(Tərcümə: Rəna Əbdürəhmanova)