...

"Azercell" Beynəlxalq Tələbə Filmləri festivalına sponsorluq edir

Telekommunikasiya Materials 13 Dekabr 2006 17:15 (UTC +04:00)

Trend bildirir ki, bu gün 13-də "START" 3-cü Beynəlxalq Tələbə Filmləri Festivalı öz işinə başlayıb. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında açılış mərasimindən sonra, festival "Səda" Tədris Teatrında davam etdiriləcək. Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı ilə həyata keçirilən və 3 gün davam edəcək bu festivalın baş sponsoru həmişə Azərbaycanın mədəni həyatına özünəməxsus töhfələr verən, yüksək intellektual səviyyəli layihələrə öz dəstəyini əsirgəməyən "Telekom" BM-dir.

Qeyd edək ki, "START" Tələbə Filmləri Festivalı "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis olunub. Artıq 3-cü dəfə keçirilən festivalda qalibləri bu dəfə də 5 nominasiya üzrə müəyyənləşdirmək qərara alınıb. "Ən yaxşı film", "Ən yaxşı bədii film" və "Ən yaxşı sənədli film" nominasiyalarında qalib olacaq filmlərin müəlliflərinə müxtəlif həcmdə pul mükafatları veriləcək.

Bundan başqa öz işləri ilə fərqlənən beş tələbənin fərqlənmə diplomu, bir tələbənin isə münsiflər heyəti tərəfindən "ən yaxşı ideya"ya görə mükafatlandırılması nəzərdə tutulur.

Festival beynəlxalq səviyyəli olduğu üçün münsiflər heyətinə 5 ölkənin tanınmış kino xadimləri -beynəlxalq kinofestivallarının iştirakçısı və qalibi, rejissor Babək Şirinsifət (İran) beynəlxalq kino festivallarının laureatı Elçin Musaoğlu (Azərbaycan), ssenarist və kinotənqidçi Qaliya Eltay (Qazaxıstan), qısametrajlı filmlər rejissoru Əhməd Erdal (Türkiyə) və kinorejissor Əyyub Şahobdinov (Özbəkistan) daxildir.

Xatırladaq ki, bu il festivala 9 ölkədən - Bolqarıstan, Özbəkistan, Türkiyə, İran, Gürcüstan, Macarıstan, Qırğızıstan, Qazaxıstan və Azərbaycandan 90 film daxil olub. Mötəbər tədbirin seçim komissiyası onların içərisindən müsabiqə proqramı üçün 45 film seçib. Seçim zamanı orijinal ideya, maraqlı süjet həlli, müəllif yozumu əsas meyar olub.

Müsabiqə proqramından əlavə festival çərçivəsində münsiflər heyətinin üzvlərinin də filmlərinin baxışı olacaq. Festival çərçivəsində kino peşəkarlarının mühazirələri dinləniləcək.

İnsanların mənəviyyatının, bədii estetik zövqünün zənginləşməsində mühüm xidmətləri olan belə nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi təqdirəlayiq haldır. Ölkəmizdə mədəniyyətin, incəsənətin, təhsilin, idmanın inkişafına təkan verən layihələri hər zaman dəstəkləyən "Azercell Telekom" BM bu təşəbbüsü davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti