...

"Missiya - tələbə" intellektual televiziya layihəsinin təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 14 Noyabr 2012 18:26
Bakıda "Azad Azərbaycan" televiziya kanalında efirə gedəcək "Missiya - tələbə" layihəsinin təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.
"Missiya - tələbə" intellektual televiziya layihəsinin təqdimat mərasimi keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bakıda "Azad Azərbaycan" televiziya kanalında efirə gedəcək "Missiya - tələbə" layihəsinin təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Layihədə Azərbaycanın müxtəlif məktəblərindən seçilmiş 40 nəfər gənc iştirak edəcək. Müsabiqə əsasında seçilmiş gənclər Ukraynada olduqları müddətdə ölkənin dörd şəhərinin (Kiyev, Xarkov, Odessa və Poltava) ali təhsil ocaqlarına gedib və təhsil prosesi ilə tanış olublar. İntellektual şouda qalib gəlmiş məktəbli layihədə iştirak etmiş Ukrayna universitetlərinin birində təhsil almaq imkanı əldə edəcək. Bu günə olan universitetlər bunlardır - Şevçenko adına Dövlət Universiteti, Dövlət Aviasiya Universiteti, Karazin adına Xarkov Universiteti, Odessa Dövlət Politexnik Universiteti və Kondratük adına Poltava Texniki Universiteti.

Mətbuat konfransında iştirak edən Azərbaycan Gənclər Fondunun Aparatının rəhbəri Faiq Qurbətov, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və Ukrayna ali təhsil ocaqlarının nümayəndələri layihənin verəcəyi töhfə və hazırda Ukraynada təhsil almağın imkanları haqqında danışıblar.

"Qeyd olunan layihə formatına görə çox maraqlı və intellektualdır. Bu layihəni dəstəkləyənlərdən biri də Azərbaycan Gənclər Fondudur. Bu gün Ukraynada çoxlu sayda həmtəvətənlərimiz təhsil alır. Bu isə o deməkdir ki, iki ölkə arasında təhsil sahəsində böyük əməkdaşlıq var. Biz gələcəkdə də iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa öz dəstəyimizi verəcəyik", - Qurbətov bildirib.

Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-hümanitar və informasiya məsələləri üzrə üçüncü katibi Yuriy Lupey iki ölkə arasında təhsil və humanitar sahəsində tərəfdaşlığın əhəmiyyətindən danışıb: "Ukrayna və Azərbaycan bütün sahələrdə olduğu kimi, humanitar və təhsil sahəsində də mühüm tərəfdaşlıq əlaqələrinə malikdirlər. Hazırda Ukraynanın ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edirlər. Bu baxımdan cari ili uğurlu hesab edirəm".

Tədbirdə, həmçinin Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin nəzdində olan "İnformasiya-İmic Mərkəzi"nin direktoru Viktoriya Sergiyenko "Missiya - tələbə" layihəsi və Ukraynadakı təhsil haqqında danışıb: "Son illər Ukraynada xarici tələbələrin, o cümlədən azərbaycanlı tələbələrin sayı artmaqdadır. Bu isə p deməkdir ki, iki ölkə arasında təhsil sahəsində inkişaf sürətlə gedir. Efirə gedəcək "Missiya - tələbə" televiziya layihəsi də Ukrayna ilə tanışlığa öz töhfəsini verəcək. Ukrayna çox tolerant, təhlükəsiz ölkədir və bu ölkədə insan özünü rahat hiss edir. Odur ki, hamını Ukraynada təhsil almağa dəvət edirəm".

ATV kanalının nümayəndəsi Vado Korovin bildirib ki, bu formatlı telelayihə Azərbaycanda ilk dəfədir nümayiş olunacaq.

"Missiya - tələbə" layihəsi özündə 40 nəfər məktəblini müsabiqə əsasında birləşdirən bir intellektual verilişdir. Şounun formatı Ukraynanın "Euromedia" və ATV kanalı ilə birgə hazırlanıb. Veriliş noyabrın 17-də saat 18:00-da "Azad Azərbaycan" televiziya kanalında yayımlanmağa başlayacaq", - Korovin qeyd edib.

Tədbirdə Ukrayna universitetlərinin nümyəndələri də iştirak edib.

"T.Şevçenko adına Kiyev Dövlət Universiteti dünyada ən yaxşı universitetlərdən biri hesab olunur. Dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan olan tanınmış insanlar məhz bu ali təhsil ocağını bitiriblər. Hazırda biz sizin ölkənin iki aparıcı universiteti ilə əməkdaşlıq edirik", - T.Şevçenko adına adına Kiyev Dövlət Universitetinin İnformasiya araşdırmaları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya təchizatı sektorunun rəhbəri Nataliya Korotenko bildirib.

Tədbirdə çıxış edən Ukrayna Dövlət Aviasiya Universitetinin Xarici tələbələrlə iş fakültəsinin dekanı Aleksandr Sidorenko bildirib ki, aviasiya universiteti sovet dönəmindən sonra yeganə ali təhsil ocaqlarındandır ki, öz köhnə müəllim-professor heyətini və təhsil bazasını qoruyub saxlaya bilib: "Bizim universitetdə ukrayna, rus və ingilis dillərində təhsil almaq mümkündür və bu təhsil ocağı hazırda dünyanın ən güclü universitetlərindən biridir. Həmçinin, digər universitetlər ilə sıx əməkdaşlıq sayəsində müəllim mübadiləsi də aparırıq ki, bu da tələbələrimizin daha keyfiyyətli təhsil almasına imkan yaradır".

Tədbirdə, həmçinin "Missiya - tələbə" layihəsinin iştirakçısı, 6 saylı orta məktəbin 11-ci sinif şagirdi Nizafət Katibli layihə haqqında öz təəssüratlarını bölüşüb. "Bizim məktəbə gəlib layihə haqqında elan etdikdə mən də qatılmaq istədim və qatıldım. İndi çox sevinirəm. Layihə çərçivəsində biz Ukraynaya səfər etdik. Bizi orada çox isti qarşıladılar. Biz orada Ukraynanın müxtəlif universitetlərində olduq, lakin mənə daha çox Aviasiya Universitetinin çoxdan saxlanılmış təyyarələr olan anqarı maraqlı gəldi. Mən Ukraynada çoxlu dost tapdım, indi də onlarla internet vasitəsilə əlaqə saxlayıram. Ümumiyyətlə, Ukrayna xalqı bizim kimi çox mehriban xalqdır", - layihənin iştirakçısı bildirib.

Tədbirin sonunda layihə ərzində azərbaycanlı məktəblilərin Ukraynaya səfərləri haqqında çəkilmiş qısa videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti