...

Türkiyə ilə Azərbaycan əlaqələri daha da inkişaf edəcək - Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen

Nəzər nöqtəsi Materials 28 Oktyabr 2010 09:00 (UTC +04:00)
Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen Türkiyə ilə Azərbaycan əlaqələrinin daha da inkişaf edəcəyini bildirib.
Türkiyə ilə Azərbaycan əlaqələri daha da inkişaf edəcək - Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen Türkiyə ilə Azərbaycan əlaqələrinin daha da inkişaf edəcəyini bildirib.

"Türkiyə ilə Azərbaycan, ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir millət iki dövlətdir. Qardaş xalqlar arasında olan əlaqələr bundan sonra da inkişaf edəcək", - İsen Ankaradan telefonla Trend-ə bildirib.

Onun sözlərinə görə, Ankara-Bakı münasibətlərinə də məhz qardaşlıq prizmasından yanaşmaq lazımdır.

Prezident Administrasiyasının baş katibi onu da qeyd edib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər sadəcə sözdə deyil, eyni zamanda əməldə də öz əksini tapmalıdır.

"Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrimiz daha da möhkəmləndirilməsi üçün atılan vacib addımlardan biridir", - İsen əlavə edib.

Sentyabrın 15-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

İsen bildirib ki, İstanbulda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının Zirvə toplantısına digər türkdilli dövlətlərin də qatılması arzu olunurdu.

"Həm Naxçıvanda, həm də İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə Özbəkistanın iştirakı üçün dəfələrlə müraciət edildi", - o qeyd edib.

İsen hesab edir ki, yaxın gələcəkdə Özbəkistan da öz rəsmi imzası ilə "Türk dünyasının bir hissəsi olacaq".

"Zirvə görüşlərində bütün türkdilli ölkələrin rəhbərlərinin yeri var və istənilən lider istədiyi zaman bu toplantılara qatıla bilər", - İsen əlavə edib.

Xəbər lenti

Xəbər lenti