...

Arzu Nağıyev: "Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi hər iki ölkənin iqtisadiyyatını zəiflədirdi"

Nəzər nöqtəsi Materials 28 İyun 2016 17:11 (UTC +04:00)
Türkiyə-Rusiya münasibətlərinin normallaşması gözlənilən idi.
Arzu Nağıyev: "Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi hər iki ölkənin iqtisadiyyatını zəiflədirdi"

Trend-i buradan izləyin

Bakı. Samir Əli-Trend:

Türkiyə-Rusiya münasibətlərinin normallaşması gözlənilən idi.

Bunu Trend-ə açıqlamasında tanınmış politoloq Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, xarici siyasətdə dostluq, düşmənçilik olmur: "Xarici siyasətdə ümumi maraqlar olur. Təbii ki, bu prosesdə siyasətçilərin öz ambisiyaları da özünü büruzə vermişdi. Lakin bu prosesdən sonra həm Rusiyanın, həm də Türkiyənin iqtisadiyyatı tənəzzülə uğramağa başladı. Rusiya Türkiyəyə doğru öz addımını atmalı idi. Çünki Türkiyədən fərqli olaraq Rusiya Qərb tərəfdən böyük sanksiyalara məruz qalmış bir dövlətdir. Türkiyəyə isə bir sıra Qərb dövlətləri, eyni zamanda marağında olan Şərq dövlətləri sərmayə qoymaqla köməklik etməyə başlamışdılar. Buna baxmayaraq, hər iki dövlət regionda baş verən proseslərdə, eyni zamanda böyük iqtisadi layihələrdə iştirakdan məhrum olmuşdu. Bunun əsas səbəbi kimi vurulan təyyarə göstərilsə də, səbəb çox dərinlərə gedirdi. İstər Suriya məsələsində, istər kürd dövlətinin yaranması ilə bağlı danışıqlarda, istər Amerika Birləşmiş Ştatlarının Orta Doğu projesinin həyata keçirilməsində proseslər gedirdi və ona görə də bu cür nəticə yaranmışdı. Lakin Binəli Yıldırım Türkiyəyə Baş nazir seçiləndən sonra müəyyən açıqlamalarından hiss olunurdu ki, yaxınlaşmağa doğru addımlar atılır".

Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və üzr istəməsi məsələsinə gəlincə, A.Nağıyev düşünür ki, o, Vladimir Putindən üzr istəməyib: "Cənab Ərdoğan vurulan pilotun ailəsindən üzr istədi və bildirdi ki, belə bir hadisə olmaya da bilərdi".

Politoloq deyir ki, bu gün Rusiya ilə Türkiyəni birləşdirən bir sıra amillər var: "Bu gün Türkiyənin turizm sektoru, ümumilikdə iqtisadiyyatı Rusiya münasibətlərinə görə böyük bir çətinliklə üzləşib. Bundan başqa, Rusiya ərazisində Türkiyənin böyük bazaları, iqtisadi maraqları var. Türkiyə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsulları Rusiya bazarına çıxarılırdı. Düşünürəm ki, əvvəl-axır bu baş verməli və bu məsələlər öz məcrasına yönəlməli idi. Eyni zamanda unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür. Bu gün NATO-Rusiya qarşıdurması mövcuddur".

İki ölkə arasındakı münasibətlərin yaxşılaşmasının hər iki ölkənin inkişafına müsbət təsir edəcəyini deyən A.Nağıyev bildirib ki, bu, Azərbaycana da xeyirdir:

"NATO-nun sərhədi Ermənistan ərazisindən keçir. Bu gün Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün prioritet məsələ olduğuna görə, düşünürəm ki, Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycanın xeyrinə atılan bir addımdır. Məlum məsələdir ki, bu gün Türkiyə Ermənistanla sərhədi Dağlıq Qarabağ probleminə görə bağlayıb. Rusiya da Ermənistanla müttəfiqdir. Bu məsələlərin çözülməsində atılan addımları müsbət hal kimi qiymətləndirmək olar. Yəni xalqı, ölkəni, dövləti hansısa böyük siyasətçilərin ambisiyasına qurban vermək olmaz. Bu, səbəb deyildi, bəhanə idi, bunu da düzəltməyin vaxtı çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti