...

Allahşükür Paşazadə: Ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etdi

Nəzər nöqtəsi Materials 8 May 2018 18:50 (UTC +04:00)
Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı.
Allahşükür Paşazadə: Ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etdi

Bakı. Trend:

Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfransda QMİ sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan Ulu Öndərin həyatı boyunca Azərbaycan naminə xidmətləri misilsizdir: “Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev Ümummilli Lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq və dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın müstəqilliyinin, gələcək səadətinin təmin olunmasında milli-mənəvi dəyərlərimizin oynayacağı rolu uzun illər əvvəlcədən düşündüyünü göstərir, dini dəyərlərimizə sədaqətindən xəbər verir”.

A.Paşazadə deyib ki, təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı — Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi və ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası haqqında oldu.

QMİ sədri vurğulayıb ki, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi: “1998-ci ildə Rus Pravoslav kilsəsinin Bakı yeparxiyası yaradıldı, "Jen Mironosits" kilsəsi bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, azsaylı katolik icması üçün kilsə inşa edildi. Məhz Ulu öndərin zamanında dünyanın nüfuzlu siyasətçiləri ilə bərabər dini liderləri də tolerantlıq məkanı Azərbaycana təşrif buyurmağa başladılar”.

A.Paşazadə bildirib ki, Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik öndər, rəhbər göndərir və bu xalqı zülmətdən nura tərəf aparır: “Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən, Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir. Bu yolda dövlət başçımızın yardımçısı möhtərəm Mehriban xanım Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm”.

QMİ sədri vurğulayıb ki, Ulu öndərin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi: “Mən əminəm ki, inşallah, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcək. Bu günlər anadan olmasının ildönümünü qeyd etdiyimiz Heydər Əliyev vaxtilə bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılmasaydı, Şuşa və digər əzəli torpaqlarımız işğala məruz qalmazdı. Allah Vətən torpağı uğrunda şəhid olan övladlarımıza rəhmət eləsin!”

A.Paşazadə deyib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız əbədi olacaq: “Biz dindarlar bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. İnşallah, Uca Yaradanın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğur və qələbələrə imza atacaq. Haqqın qalibiyyəti bizimlə olacaq, inşallah!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti