...

Deputatdan təklif: Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin

Nəzər nöqtəsi Materials 12 İyun 2018 16:49 (UTC +04:00)
Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir.
Deputatdan təklif: Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin

Bakı. Elçin Mehdiyev – Trend:

Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin növbədənkənar iclasında "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir: "Amma "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. "Digər dillər" nədir? Dünyada 2 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir".

H.Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir:

"Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır".

O, həmçinin sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib: "Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var - "qeyri-ərazi müstəmləkəçiliyi". Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa, nəticə etibarilə, biz qlobal imperializmin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti