...

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Nəzər nöqtəsi Materials 18 Fevral 2019 13:23 (UTC +04:00)
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

İlk xəbər saat 11:14-də yayılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

M.Cabbarov qeyd edib ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı" qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlamışdı: "Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı.

Nazir vurğulayıb ki, "kölgə iqtisadiyyatı" müxtəlif növ mənfi amillərin yaranmasına kömək edir: "Bu problemin həllində ciddi irəliləyiş əldə edilsə də, biz bu istiqamətdə səylərimizi davam etdirməliyik. Bu səbəbdən 2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyaslarının azaldılması vergi xidməti üçün başlıca istiqamət oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işləri aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırıldı. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec-tez qanunlar çərçivəsində işləməkdən daha faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitib".

M.Cabbarov əlavə edib ki, biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur.

Nazir bildirib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb: "Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti