...

Türkiyə ABŞ Konqresinin "erməni soyqırımı"nı tanımasını pisləyib

Dünya xəbərləri Materials 11 Oktyabr 2007 15:04 (UTC +04:00)
Türkiyə ABŞ Konqresinin "erməni soyqırımı"nı tanımasını pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ Konqresinin Birinci dünya müharibəsi illərində Osmanlı İmperiyası tərəfindən törədilən "erməni soyqırımı" faktını tanıması Amerika-Türkiyə münasibətlərinə zərbə vuracaq. Bu barədə məlumatı "Reyter" agentliyti yayıb.

Çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi 27 səs lehinə və 21 səs əleyhinə olmaqla prezident Corc Buşun etirazına məhəl qoymayaraq ABŞ-ın xarici siyasətində Türk Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı "soyqırımı" törədilməsi faktının əks olunması ilə bağlı qətnaməni təsdiq edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Türkiyə XİN-in cümə axşamı yayılmış bəyanatında bildirilir ki, "Konqresin komitəsi tərəfindən bu qətnamənin qəbul olunması belə bir məsuliyyətli dövrdə bir neçə nəsillər boyu qazanılmış digər müttəfiq, strateji tərəfdaş olan ölkə ilə münasibətləri mürəkkəbləşdirəcək məsuliyyətsiz addımdır".

"Hökumət bu qərardan təəssüflənir və bunu pisləyir. Türk xalqını tarixdə heç vaxt olmayan bir şeyə görə ittiham etmək qəbul edilməzdir" - deyə sənəddə qeyd olunur.

"Erməni soyqırımı" haqqında qətnaməni palatanın müvafiq komitəsi qəbul etdikdən sonra, sənəd ABŞ Konqresinin aşağı palatasının müzakirəsinə verilir. Demokratik çoxluğun nümayəndələri qətnamə üzrə səsverməni noyabr ayının ortasına qədər keçirməyə söz verirlər. "Erməni soyqırımı" barədə qətnamə ABŞ prezidenti üçün məcburi deyil, lakin bu daha çox simvolik və beynəlxalq əhəmiyyətə malikdir.

NATO üzvü olan ölkələr arasında ordusunun sayına görə ikinci olan Türkiyə, əvvəl də Vaşinqtona belə bir qətnamənin qəbul olunacağının amerikan-türk münasibətlərinə, xüsusilə iki ölkənin hərbi əməkdaşlığına mənfi təsir edəcəyi barədə xəbərdarılq edib.

Xəbər lenti

Xəbər lenti