...

İsrail və İran ekspertləri: "Annapolisdəki Yaxın Şərq konfransı İrana qarşı yönəlib"

Dünya xəbərləri Materials 26 Noyabr 2007 17:02 (UTC +04:00)
İsrail və İran ekspertləri: "Annapolisdəki Yaxın Şərq konfransı İrana qarşı yönəlib"

İsrail, Qüds / Trend müxbir R.Abdullayev, D.Xatınoğlu/ Ərəb-İsrail münaqişəsi üzrə mütəxəssis, Bar-İlan Universitetinin professoru Qilel Friş hesab edir ki, Birləşmiş Ştatların təşəbbüsü ilə sabah Annapolisdə (ABŞ) keçiriləcək Yaxın Şərq Konfransı İrana qarşı yönəlib.

Corc Buş Administrasiyası noyabrın 27-də Annapolisdə (Merilend ştatı) Yaxın Şərq üzrə geniş beynəlxalq konfransın keçirilməsinə dair bəyanat verib.

Müvafiq bəyanatı Vaşinqtonda jurnalistlərlə görüş zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak da verib.

Annapolis Amerika paytaxtından 50 km məsafədədir və orada ABŞ-ın Baş Hərbi Dəniz Akademiyası yerləşir. Konfransın işində İsrailin baş naziri Exud Olmert və Fələstin prezidenti Mahmud Abbas, BMT-nin baş katibi Pan Gi Mun, həmçinin bir sıra xarici ölkələrin nümayəndələri iştirak edəcəklər. Makkormak bildirib ki, konfrans öncəsi bazar ertəsi, noyabrın 26-da Buş Ağ Evdə Olmert və Abbasla ayrılıqda ikitərəfli görüş keçirəcək.

Bazar ertəsi Friş Trend ə bildirib ki, konfransın əsas təşəbbüsçüsü ABŞ prezidenti Buş İranın molla rejiminin siyasi hegemonluğunun güclənməsinə qarşı duracaq mötədil ərəb rejimi və İsrail antiiran koalisiyasının yaradılması ilə bağıl son və mühüm vəzifəsini qarşısına məqsəd kimi qoyacaq.

Rusiya və Qafqaz məsələləri üzrə iranlı ekspert Omid Arabın rəyinə görə, Annapolisdəki konfrans ABŞ tərəfindən təşkil olunub və onun əsas məqsədi ərəb-israil münaqişəsinin həlli deyil, İranı "Hizbullah" və "Həmas"a yardım göstərməkdə günahlandırmaqdır.

"Konfransda məqsəd İranın ekstremis qruplara yardım etdiyini, İsrail və Fələstin arasında sülhün əldə olunmasına mane olduğunu dünyaya göstərməkdir" - deyə bazar ertəsi Arab Trend ə müsahibəsində bildirib.

İsrailli ekspertin rəyinə görə, Buş İran İslam Respublikasının strateji təhdidlərinə qalib gələn güclü və mərd prezident kimi yadda qalmaq üçün çalışır. "Bu istiqamətdə Amerika prezidentini Avropa ölkələri də dəstəkləyir, o, İrana qarşı gizli koalisiya yaratmağa can atır" - deyə professor Friş qeyd edib.

İran Annapolisdə keçiriləcək konfransı boykot edib. Bu gün İran prezidenti Mahmud Əhmədinejad öz çıxışında bəyan edib ki, bu konfrans Fələstinə heç nə ilə kömək etməyəcək, bundan əlavə o, Fələstinə qarşı yönəlib. O, konfransda iştirak edəcək bütün ərəb ölkələrini ondan imtina etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti