...

Beynəlxalq miqrantlar günü münasibəti ilə BMT baş katibinin müraciəti

Dünya xəbərləri Materials 19 Dekabr 2007 11:18 (UTC +04:00)

Bu gün səkkizinci dəfə olaraq Beynəlxalq Miqrantlar Günü qeyd edilir ki, onun əhəmiyyəti illər ötdükcə daha da artmaqdadır.

Qloballaşma və ölkə daxili və ölkələr arası yaşayış səviyyəsinə görə genişlənməkdə olan fərqlər bütün dünyada xaricə miqrasiyanın miqyasının artmasına gətirib çıxarır.

Hal-hazırda, əvvəlki illər ilə müqayisədə daha çox insan doğulduğu ölkədən kənarda yaşayır ki, bu rəqəm 2007-ci ildə 200 milyon təşkil etmişdir.

Bu böyük rəqəm arxasında bacarıqlı kompüter mühəndisi, qeyri-qanuni çalışan fermer, iradəsinin əleyhinə olaraq alverə məruz qalmış qadın, evini tərk etməyə məcbur olan qaçqın və digər saysız insan taleləri durur.

Baxmayaraq ki, onların düşdüyü vəziyyət müxtəlifdir, bununla belə miqrantlar bir qrup kimi nəzərdən keçirildikdə aydın olur ki, onlar heç də ağır bir yük deyildir və belə bir təsəvvür qəbuledilməzdir.

Əksər hallarda, daha firavan həyat arzusu bu insanları miqrasiya etməyə vadar edir. Onlar uşaqları üçün daha təhlükəsiz və daha xoş həyat axtarırlar və bunun üçün işləməyə hazırdırlar. Əgər miqrantlara öz bacarıqlarından bərabər əsaslarla geniş surətdə istifadə etmək imkanı verilərsə, onların böyük əksəriyyəti cəmiyyətin layiqli üzvləri ola bilər.

Milyonlarla miqrant geridə qoyduqları ailə və icmalarına dəstək olmaq və pul köçürmələri ilə milli iqtisadiyyata kömək etməklə yanaşı onlar həm də yaşadıqları ölkələrin iqtisadiyyatını və cəmiyyətini lazımi xidmətlər ilə təmin edirlər.

Təəssüflər olsun ki, miqrantların verdikləri töhfələr nadir hallarda dəyərləndirilir. Əvəzində isə, müdafiə mexanizmlərinin olmaması və ayrı-seçkiliyə yol verən milli qanunvericiliyin mövcudluğu onların tez-tez təhqir və ayrı-seçkilik halları ilə mübarizə aparması ilə nəticələnir. Ekstremal hallarda, onlar irqçiliyin və ksenofobiyanın qurbanları olurlar.

Bütün Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə Dair Beynəlxalq Konvensiyada çoxsaylı mühüm müdafiə tədbirləri nəzərdə tutulur, lakin bu sənəd indiyə qədər yalnız 37 ölkə tərəfindən təsdiq olunmuşdur. Mən Konvensiyanı ratifikasiya etməyən və ya ona qoşulmayan bütün Üzv Dövlətləri miqrantların hüquqlarının tam və effektiv müdafiəsini təmin etmək məqsədilə təkidlə bu sənədi qəbul etməyə çağırıram.

Bu mühüm müqavilə istiqamətində tədbir görməklə yanaşı, biz, miqrantlar haqqında geniş yayılmış yanlış təsəvvürü dəyişməli və onların həm təmsil etdikləri, həm də hal-hazırda yaşadıqları ölkələr üçün verdikləri dəyərli iqtisadi, mədəni və sosial töhfələr barədə ictimai maarifləndirməni artırmalıyıq. Gəlin bu Beynəlxalq Miqrantlar Günü, nəinki miqrantların, eləcə də bütün dünyadakı icmaların və ölkələrin yararlanması üçün, ari-seçkiliyi qarşılıqlı anlaşma ilə əvəz edək.

Xəbər lenti

Xəbər lenti