...

Təl-Əvivdə Azərbaycanın 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Dünya xəbərləri Materials 20 Yanvar 2008 15:05 (UTC +04:00)

İsrail, Qüds, 20 yanvar/ Trend , müxbir R.Abdullayev/ Yanvarın 20-də Təl-Əvidə, Yaxın Şərqdə Azərbaycanlılar Konqresinin mərkəzi ofisində Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Bakıda dinc əhaliyə qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 131 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

"Qara yanvar"a həsr olunmuş tədbiri açan Sülhməramlı səfir, Yaxın Şərqdə Azərbaycanlılar Konqresinin prezidenti Aleks Şapiro Suliman Azərbaycan xalqı üçün azadlıq və müstəqillik yolunun heç də asan olmadığını və bu ağır yolun böyük qırğın və faciələrlə yaddaşlarda dərin iz buraxdığını qeyd edib. "Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 20 yanvar hadisələrindən 18 il ötür. Bu faciə bizim tariximizdə ən böyük ağrıdır. Milli azadlıq və öz ölkəsinin ərazi bütövlüyü uğrunda ayağa qalxmış dinc əhaliyə qarşı törədilən qırğın nəticəsində yüzlərlə insan öldürülüb, yaralanıb və bu totalitar sovet rejiminin yıxılması ərəfəsində, onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha sübut edib" - deyə Konqres prezidenti bildirib.

Konqresin icracı direkotoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut 1990-cı il yanvar hadisələrinin XX yüzillikdə Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olduğunu qeyd edib. "1990-cı ilin yanvarında Bakıda, Sovet güc strukturlarının cəza aksiyası öz miqyası, amansızlığı, insan qurbanlarının sayı ilə 1989-cu ilin aprelində Tbilisidə, 1991-ci ilin yanvarında Vilnüsdə baş verən analoji hadisələri ötüb. Bu, dövrü keçmiş amansız, mərkəzləşdirimiş bürokratik sistemin son çabaları idi" - deyə Qut bildirib.

"Qardaşlıq qəbiristanlığında dəfn olunmuş Azərbaycan vətənpərvərləri - yəhudi qız və rus həkimi, qoca tatar və azərbaycanlı körpə doğulduğum şəhərin, ölkəmin faciəsidir. Biz bu gün İsraildə sağ-salamatıq. Lakin Sovet İmperiyasının Kreml rəhbərliyi tərəfindən törədilmiş bu vəhşi faciəni heç vaxt unutmayacağıq" - deyə Qut deyib.

Konqresin vitse-prezidenti Rabay Xananayev Oğuz rayonunun ikinci katibi kimi Bakıdakı hadisələrin içində olduğunu bildirib. "20 yanvarın səhəri Bakıda dəhşətli mənzərə müşahidə olunurdu: şəhərin qanla suvarılmış küçə və meydanları, eybəcər hala salınmış cəsədlərin qalıqları, əzilmiş avtomobillər və evlərin güllələnmiş divarları... Bu gün 18 il ötdükdən sonra ümumxalq kədər və nifrətinin dərinliyi və miqyası insanı sarsıdır" - deyə Xananayev qeyd edib.

Konqres vitse-prezidentinin rəyinə görə, bu, əvvəlcədən qanunsuz, İttifaq və Respublika Konstitusiyası, qanunla qoyulmuş prosedurlar və İttifaq respublikasının bu və ya digər ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında qərarın qəbul edilməsi şərtlərini kobudcasına pozan, bütün xalqın qorxu altında saxlanılması üçün məqsədyönlü hərbi-siyasi aksiya olub.

"Herut" partiyasının sədri, Knessetin keçmiş deputatı Mixael Klyayner qeyd edib ki, 18 il əvvəl Azərbaycan xalqı öz inkişaf yolunu seçmək qərarına gəlib və dinc insanlar bu tələblə paytaxt küçələrinə çıxıblar. "20 yanvar 1990-ci ildə Bakı hərbi əməliyyatlar meydanına çevrilib. Tanklar və zirehli transportyotlar canlı insanların üstündən keçərək arxada yüzlərlə ölü və yaralı qoyurdular. Tanklardan, minaatanlardan və avtomatlardan insanlara atəş açılırdı. "Qara Yanvar" hadisələrindən sonra bir çox azərbaycanlılar Sovet İttifaqına inamlarını itirdilər. Bu, Sovet İmperiyasının sonunun başlanğıcı oldu" - deyə israilli siyasətçi vurğulayıb.

Bu xatirə günündə, 1990-cı il "Qara Yanvar" faciəsinə həsr olunmuş tədbirdə İsrailin siyasi və işgüzar elitası və həmin hadisələrin birbaşa şahidləri olan Azərbaycan icmasının nümayəndələri, həmçinin İsrailə akkreditə olunmuş diplomatik korpus üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti