Türkiyə, Ankara, 01 dekabr / Trend A.Ələsgərov/ Hindistanın Mumbayi şəhərindəki terror aktları ilə bağlı Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın Pakistanın Baş naziri Yusuf Raza Gilani ilə ətraflı telefon danışığı olub.
"Milliyət" qəzeti xəbər verir ki, söhbət zamanı Gilani Ərdoğanı əmin edib ki, İslamabadın terror aktları ilə əlaqəsi yoxdur. Pakistanın Baş naziri regionda yaranan gərginliklə bağlı yardım istəyib.
Ərdoğanın eyni mövzuda Böyük Britaniyanın Baş naziri Qordon Braunla və İsrailin Baş naziri Ehud Olmertlə telefon danışı ğı olub. Söhbət zamanı o, Türkiyə hökumətinin adından Hindistanla Pakistan arasında gərginliyin artmasından narahatlığını ifadə edib. Ərdoğan Gilaninin sözlərini Böyük Britaniya və İsrail rəhbərlərinə çatdırıb.
Bazar günü Baş nazir Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munla da telefon danışığı olub və bu zaman o, BMT-ni tərəfləri barışdırmağa çalışıb. Ardınca Baş nazir hindistanlı həmkarı Manmohanu Sinqhlə telefon söhbətində gərginliyin artmasından qaçmağın zəruri olduğunu söyləyib. Məlumatda deyilir ki, Sinqh "təmkinlə davranmağı" tövsiyə edən Ərdoğana təşəkkürünü bildirib.
Bundan əvvəl Türkiyənin Baş naziri Sinqhə göndərdiyi məktubunda Mumbayidə terror aktları nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Məktubda Ərdoğan Ankaranın terrorla mübarizədə Hindistana yardım göstərməyə hazır olduğunu bir daha qeyd edib.
Müəlliflə əlaqə ünvanı: [email protected]