...

Mumbayidə terror aktları - ABŞ -ın regionda marağının güclənməsinə imkan yaradır

Dünya xəbərləri Materials 5 Dekabr 2008 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir D.İbrahimova/ Mumbayidəki hücumlardan regionda maraqlarını möhkəmləndirmək üçün istifadə etməyə çalışan ABŞ Pakistanla Hindistan arasında münaqişənin həllində fəallıq göstərir.

"ABŞ -ın Hindistanla Pakistan arasında vasitəçilik üçün çoxlu motivləri var. Birləşmiş Ştatlar Hindistanla münasibətləri möhkəmləndirmək üçün bu hadisədən istifadə edir", - Pakistan üzrə amerikalı ekspert Filipp Oldenburq Trend -a deyib.

Cümə axşamı regiona gələn ABŞ Dövlət Katibi Kondoliza Rays Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşüb və onu Mumbayidəki terror aktları ilə bağlı Hindistanla müştərək araşdırmalarda konkret addımlar atmağa çağırıb.

Amma Pakistan hakimiyyəti terror aktlarının törədilməsində şübhəli bilinən şəxsləri Hindistana təhvil verməkdən boyun qaçırıb. Bu səbəbdən, hər iki ölkənin qoşunları Pakistan - Hindistan sərhəddinə yaxınlaşır.

Noyabrın 26- da Mumbayidə (Hindistan, keçmiş Bombey) bir neçə terror aktı baş verib. Hindistan hakimiyyəti bildirir ki, Pakistanda yerləşən "Laşkar-e-Tayba" ("Mömin ləşkəri") terrorçu qruplaşmasınının partlayışlarda əli var.

Ekspertlərin fikrincə, ABŞ - ın vasitəçilik istəyi, ilk növbədə, Ştatların regiondakı maraqlarının təmin olunmasına yönəlib.

ABŞ bu hücumdan Hindistanla dostluq münasibətlərini möhkəmləndirmək üçün istifadə edir, - Cənubi Asiya institutunun (ABŞ) tədqiqatçısı Oldenburq (Philip Oldenburg) belə düşünür.

"Yeni konflikt təkcə qoşunların yenidən dislokasiyasına deyil, həm də sülhməramlı qismində çıxış etməklə əhəmiyyətli BRHÇ (Braziliya, Rusiya, Hindista, Çin) ölkələrində mövqelərini möhkəmləndirməyə hesablanıb. "Hindistanın 11 sentyabr hadisələri" ölkəni ABŞ -a daha möhkəm balğlamaq üçün təşkil olunub", -RBK Daily-yə Siyasi İnformasiyalar Mərkəzinin rəhbəri Aleksey Muxin deyib.

Onun fikrincə, Hindistan və Pakistan ətrafındakı hadisələrin arxasında ABŞ yeni gərginlik ocağı yaratmaq və Avropada, Yaxın Şərqdə və Latın Amerikasında itirdiyi təsir dairəsini kompensasiya etmək niyyəti dayanır.

Amma Hindistan - Pakistan əlaqələri üzrə amerikalı ekspert Sumit Qanquli hesab edir ki, ABŞ Hindistanla Pakistan arasındakı əlaqələrin genişlənməsinə mane olmağa və regiondakı terrorizm problemindən narahatlığını nümayiş etdirməyə çalışır.

Terrorizm problemi Birləşmiş Ştatlar üçün heç də sonuncu yerdə durmur.

"ABŞ terrorzim üzərində qələbə çalmaqda və Cənubi Asiyanın zorakılıqdan azad regiona çevrilməsində çox maraqlıdır ", - Oldenburq Trend -a elektron poçtla bildirib.

Hindistanla Pakistan arasında münaqişənin hərb müstəvisinə keçməsi ehtimalı Əfqanıstandakı vəziyyətə mənfi təsir göstərəcək.

"ABŞ - da Pakistan qoşunlarının ölkənin qərbindən şərq sərhədlərinə köçürülməsini istəmirlər", - Pakistan üzrə amerikalı ekspert Oldenburq söyləyib.

"Bu (qoşunlarının Pakistanın şərq sahillərinə göndərilməsi) Əfqanıstandakı müharibəyə mənfi təsir göstərə bilər ", - Pakistan üzrə amerikalı ekspert Aişə Cəlal (Ayesha Jalal) qeyd edib.

ABŞ qoşunları sabitlik yaratmaq məqsədi ilə 2001- ci ildən Əfqanıstanda yerləşdirilib.

Əfqanıstanla Pakistan sərhədində yerləşən Pakistan qoşunları ABŞ Silahlı Qüvvələri ilə Əfqanıstanda stabilliyi pozan əsas ünsürə - Taliban hərəkatına qarşı birgə mübarizə aparırlar.

ABŞ -ın Hindistanla Pakistan arasında vasitəçiliyi müsbət nəticə verməyəcək. Amerikanın məramı münaqişənin gərginləşməsi ilə nəticələnə bilər - Siyasi Tədqiqatlar İnstitutunun şərhçisi Aleksandr Paviç RBK Daily-yə açıqlama verib.

Mumbayidəki son hadisələr Hindistan - Pakistan qarşıdurmasının fəallaşmasına zəmin ola bilər. Mumbayidəki hücumlar Hindistan - Pakistan münasibətlərində geriyə addımdır.

"Hesab edirəm ki, bu hücum - Hindistan - Pakistan münasibətləri üçün çox böyük uğursuzluqdur", - İndiana Universitetinin professoru Qanquli Trend -a deyib.

"Qarşılıqlı etimad bərpa olunmayınca, ölkələr arasında sülh prosesində irəliləyiş olmayacaq", - Taft Universitetinin (ABŞ) tarix professoru, Cənubi Asiya və Hind okeanın öyrənilməsi Mərkəzinin direktoru Cəlal (Ayesha Jalal) Trend - a elektron poçtla bildirib.

Amerikalı ekspert Oldenburq hesab edir ki, hələlik bu hücumun mümkün fəsadlarından danışmaq tezdir, çünki hadisələrin gələcək inkişafını təyin edəcək bir sıra amillər möıvcuddur.

Bir neçə aydan sonra Hindistanda keçiriləcək seçkilərdə kimin qalib gələcəyi böyük əhəmiyyət daşıyır. Bəzi müşahidəçilərin fikrincə, müxalifət qələbə çala bilər. Pakistanda çox şey hərbi qüvvələrdən və Zərdari haikmiyyətinə əngəl törədən Pakistan islam liqasının təmsil etdiyi müxalifətdən asılıdır.

Hindistan "Laşkar-e-Tayba"nın partlayışlarda əli olduğunu sübut edərsə, Pakistan bu qruplaşmanın fəaliyyətini dayandıra bilər, amma bütün şübhəlilər Hindistana verilməyəcək, - Oldenburq qeyd edib.

Rusiyalı ekspert Paviçin fikrincə, nəticələri təsəvvür etmək çətin deyil. "Hər iki tərəf nüvə silahına malikdir, baş verənlərdən döyüşən tərəfləri barışdıran qüvvə fayda götürəcək", - Paviç RBK Daily-yə deyib.

Hindistanın böyük şəhəri Mumbayi (Bombey) noyabrın 26-da terrorçuların hücumuna məruz qalıb. Döyüşçülər dəstəsi şəhərə daxil olaraq, eyni vaxtda bir neçə yerdə hücum törədiblər. Terror aktı silsiləsinə görə məsuliyyəti "Dehqan Mücahəddin" qrupu üzərinə götürüb. Hindistan hakimiyyəti partlayışlarda "Laşkar-e-Tayba" ("Mömin ləşkəri") terrorçu qruplaşmasının əli olduğunu bildirir. Mumbayidəki hadisələr Pakistan prezidenti Asif Əli Zərdarinin Hindistanla Pakistan arasında münasibətlərin genişlənməsi zərurəti barədə açıqlamasından bir neçə gün sonra baş verib.

Hindistanla Pakistan arasındakı münasibətlər hər iki ölkənin Kəşmir və Cammo bölgəsinə ərazi iddialarına görə gərginləşib. 1947-ci ildə başlayan bu mübahisə ci bugünədək davam edir. Danışıqlar və sakitlik qısamüddətli silahlı münaqişələrlə əvəzlənir.

Müəlliflə əlaqə ünvnanı: trend

Xəbər lenti

Xəbər lenti