İsrail, Qüds, 17 dekabr / Trend müxb. A.Qut/ "Ha-Aretz" qəzetinin yazdığına görə, HƏMASın liderlərindən biri Mahmud əz-Zahar Bloomberg agentliyinə verdiyi müsahibəsində bildirib ki, İsrail Qəzzanın yanacaqla, qidayla və digər məhsullarla təchizatını bərpa etməyənə qədər barışıq da bərpa olunmayacaq.
O həmçinin deyib ki, müqavilədə qeyd olunan son tarix - dekabrın 19-na qədər HƏMAS atəşkəs şərtlərinə əməl edəcək, amma bundan sonra "heç kim heç nə vəd edə bilməz".
Müsahibəsində əz-Zahar bir daha Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın prezident müddəti başa çatdıqdan sonra istefasını tələb edib, amma bununla belə əlavə edib ki, siyasi opponetinin bu şərti yerinə yetirəcəyinə inanmır: "Abbas Ramalladakı iqamətgahında qalacaq, hərçənd buna səlahiyyətləri yoxdur".
HƏMAS lideri ABŞ-ın 44-cü prezidenti Barak Obamanı "yüz faiz israilmeyilli siyasətçi" adlandırıb və bildirib ki, onun mövqeyi fələstinlilər üçün qəbuledilməzdir.