Gürcüstan, Tbilisi, 06 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidentini Münhendə gözləyirlər. Bu gün bu şəhərdə təhlükəsizlik üzrə beynəlxalq konfrans start götürəcək. Gürcüstan nümayəndə heyətinin jurnalistlərə verdiyi məlumata görə, Saakaşvili günün ikinci yarısında Almaniyada olacaq.
Konfransda ABŞ-ın vitse-prezidenti Cozef Baydenin də iştirakı gözlənilir. Xarici işlər və müdafiə nazirlərinin də daxil olduğu Gürcüstan nümayəndə heyətindən bildiriblər ki, Saakaşvilinin Bayden ilə görüşü nəzərdə tutulub.
Münhendə NATO Baş katibi Yap de Hoop Sxeffer ilə Rusiya Federasiyası Baş nazirinin müavini Sergey İvanovun görüşünü də Gürcüstanda səbrsizliklə gözləyirlər. Gürcüstan nümayəndə heyəti üzvlərinin bildirdiyinə görə, bu görüşdə Sxeffer Abxaziya və Cənubi Osetiyada RF hərbi bazalarının tikintisinin yolverilməz olması barədə məsələ qaldırmaq niyyətindədir.