Qırğızıstan, Bişkek, 15 fevral / Trend , R.Мəşədihəsənli / Qırğızıstan Mədəniyyət və İnformasiya nazirliyinin bundan sonra öz musiqi aparatları olacaq. Bu barədə şənbə günü Mədəniyyət və İnformasiya Naziri Sultan Rayev Trend müxbirinə məlumat verib.
Nazirin sözlərinə görə, Almaniyadan 11 milyon som dəyərində alınan musiqi aparatları artıq nazirliyin keçirəcəyi dövlət əhəmiyyətli tədbir və konsertlərdə istifadə olunacaq. Müasir texniki avadanlıqlardan nazirliyin digər qurumları - teatr, filarmoniya, mədəniyyət sarayları və sair də istifadə etmək imkanı qazandılar. İlin sonuna kimi digər mühüm avadanlıq və cihazların xaricdən gətirilməsi nəzərdə tutulur.
"Dövlət başçısının ayrılan büdcəni yersiz xərcləməməyə dair nazirlik, komitə və dövlət strukturlarının və digər sahələrin rəhbərlərinə etdiyi ciddi xəbərdarlıqdan nəticə çıxararaq nazirliyə ayrılmış maliyyə vəsaitini məqsədyönlü istifadə etmək qərarına gəlmişik. Alınan avadanlıqlar bazar qiymətlərindən də nisbətən ucuz başa gəlib", deyə Qırğızıstanın Mədəniyyət və İnformasiya Naziri Sultan Rayev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]