...

Qırğızıstan parlamentinin qərarı ilə respublikada prezident seçkiləri iyulun 23-də keçiriləcək

Dünya xəbərləri Materials 20 Mart 2009 11:21 (UTC +04:00)
Qırğızıstan parlamentinin qərarı ilə respublikada prezident seçkiləri iyulun 23-də keçiriləcək

Cümə günü Qırğızıstan parlamenti səs çoxluğu ilə 2009-cu il iyulun 23-də növbəti prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. 90 deputatdan 79-u bu qərarın lehinə səs verib.

"Parlament Konstitusiya Məhkəməsinin qərarına və Seçki Məcəlləsi ilə müəyyən olunan müddətə əsaslanıb", - deyə RİA Novosti-yə deputat Zaynitdin Kurmanov bildirib.
Dünən Respublikanın Konstitusiya Məhkəməsi (KM) Qırğızıstanın növbəti prezident seçkisinin, yeni seçiləcək dövlət başçısının 2009-cu il oktyabrın 29-dək öz səlahiyyətlərinin icrasına başlamasının mümkün olması nəzərə alınaraq keçirilməsi barədə qərar qəbul edib.

Hazırkı prezident Kurmanbek Bakıyev 2005-ci il 24 mart tarixində baş verən "zanbaq" inqilabı nəticəsində prezident Akayevin istefasından sonra 2005-ci il 10 iyul tarixində beş il müddətinə prezident seçilib.

Konstitusiyanın mətni indiyədək üç dəfə dəyişdirilib.

Konstitusiya Məhkəməsi, respublikanın Əsas qanunun 2003-cu il tarixli redaktəsinə əsasən növbəti dövlət başçısı seçkiləri "prezidentliyin beşinci ilinin oktyabr ayının son istirahət günü", yəni 2009-cu ildə keçirməli olduğunu hesaba alıb. Hazırki Prezident Bakıyev bu qanunun əsasında seçilmişdi.

Respublikanın Seçki Məcəlləsində bildirilir ki, növbəti prezident seçkilərinin tarixi seçkilərə dörd ay qalmış parlament tərəfindən təyin edilməlidir.

Parlamentin konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, qanunilik və insan haqları Komitəsi cümə axşamı keçirilən iclası zamanı KM qərarının icrası və oktyabrın 25-dək prezidentin andiçmə mərasiminin keçirilməsi üçün dövlət başçısı seçkilərinin iyunun 23-də keçirilməsini məqsədəuyğun hesab edib.

Komitə rəhbəri Kurmanovun izahına görə, seçkilərin iki turda keçirilə biləcəyi nəzərə alınıb. Onların arasında 14 gün fərq olmalıdır. Nəticələrə yekun vurmaq üçün Mərkəzi Seçki Komissiyasına beş gün, nəticələrin açıqlanması üçün daha üç gün lazımdır. Seçkilər başa çatdıqdan sonra Konstitusiya Məhkəməsi həftə ərzində keçirilən seçkilərin qanuniliyi barədə bəyanat verməlidir. Bundan sonra isə 30 gün ərzində prezident and içməlidir. Bundan əlavə, Komitə fors-major şəraitin yarana biləcəyini, məsələn seçki nticələrinin Konstitusiya Məhkəməsi tərəfindən tanınmaması kimi halların nəzərə alınmasını tövsiyə edib. Qırğızıstan Prezidenti cümə axşamı verdiyi bəyanatında Konstitusiya Məhkəməsinin qərarını icra etməyə hazır olduğunu bildirib və parlamentə qarşıdakı prezident seçkilərinin tarixinin təyin edilməsi barədə tapşırıq verib.

Bu halda, Bakıyevin ilk prezident müddəti nəzərdə tutulan beş il əvəzinə dörd il on gün davam edəcək. Buna baxmayaraq, Qırğızıstan Prezidenti artıq növbəti müddətə öz namizədliyini irəli sürmək niyyətində olduğunu və seçkilərin bir il tez və ya gec keçirilməsinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti