...

Misirlilər irqi zəmində baş vermiş ölüm hadisəsinə görə Almaniya məhkəməsinə narazılıqlarını bildiriblər

Dünya xəbərləri Materials 7 İyul 2009 13:29 (UTC +04:00)

Yüzlərlə misirli bazar ertəsi keçən həftə Almaniyanın Drezden şəhərində qətlə yetirilmiş həmyerliləri Marva Şərbininin dəfn mərasimində iştirak ediblər. Güman olunur ki, qətl milli-irqi zəmində baş verib.

Şərbini təhqir və alçaldıcı hərəkətlərdə günahlandırılan, adı açıqlanmayan Rusiya mənşəli Almaniya vətəndaşına qarşı ifadə vermək istədiyi zaman çərşənbə günü məhkəmə zalında öldürülüb.

Keçən ilin avqust ayında təqsirləndirilən şəxs parkda gəzdiyi zaman Şərbinini baş örtüyü taxdığı üçün "terrorist" və "islamçı" adlandırıb.

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Şərbiniyə 18, onun həyat yoldaşına isə 3 bıçaq zərbəsi endirib və daha bir şəxsə hücum edib.

Polis qalmaqalı aradan qaldırmağa çalışıb və hətta atəş açıb. Bir güllə Şərbininin həyat yoldaşına dəyib. O, dərhal Drezden Universitetinin xəstəxanasına çatdırılıb.

Şərbini öldürüləndə hamiləliyin üçüncü ayında olub.

Dəfn zamanı yüzlərlə misirli Şərbininin vətəni olan Misirin İsgəndəriyyə şəhərində küçələrinə çıxıb, Misir KİV-i xəbər verib.

Mitinqçilərin əllərindəki şüarlarda Prezident Hüsni Mübarəkin bu məsələ ilə şəxsən maraqlanması tələb olunub. Misirin baş müftisi Məhəmməd Səid Təntəvi qatil üçün ən sərt cəzanı tələb edib.

Berlində də həmçinin şənbə günü yüzlərlə ərəb və müsəlman nümayişçilər Şərbininin ölümünü irqçiliyin bariz nümunəsi adlandıraraq narazılıqlarını ifadə ediblər. Şərbini və onun həyat yoldaşı Drezdenə 2003-cü ildə, mərhumun həyat yoldaşı Maks Plank İnstitutuna təhsillə bağlı qrant aldıqdan sonra köçüblər.

Xəbər lenti

Xəbər lenti