Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir D.Xatınoğlu /
İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Sultaniyyə əmindir ki, MAQATE İranın gördüyü müsbət işləri, bu ölkənin nüvə proqramı ilə bağlı yayacağı yeni məruzəsində dərc edəcək.
"İran nə öz nüvə proqramından bir an geri çəkiləcək, və nə də MAQATE ilə öz əlaqələrinə limit qoyacaq. Rəsmi Tehranın nüvə obyektələrinə nəzarət etmək üçün MAQATE-yə icazə verməsi İranın xoşniyyətli olmasına nümunədir", - Sultaniyyə çərşənbə günü Vyanadan telefonla Trend -a bildirib.
Beynəlxalq agentliklər MAQATE müfəttişlərinə istinadən məlumat yayıblar ki, İran may ayının sonundan etibarən Nətənzdəkı nüvə poliqonunda uranın zənginləşdirilməsi üzrə sentrifuqların sayını artırmayıb. Digər tərəfdən İran bir illik fasilədən sonra MAQATE müfəttişlərinə Ərak ağır su reaktoruna baxış keçirməyə icazə verib.
Sentyabrın 2-də BMT Təhlükəsizlik Şurasına üzv ölkələr İranın nüvə proqramına dair iclas keçirəcək. Həmçinin iclasdan sonrakı günlərdə MAQATE-nin İranın nüvə proqramına dair yeni məruzəsi açıqlanacaq.
"Biz öz gördüyümüz işlərlə xoşniyyətli olduğumuzu göstərmişik", - Sultaniyyə MAQATE müfəttişləri vasitəsilə gizli məlumatların sızmasından narahatlığını bildirərək deyib.
Sultaniyyə əlavə edib ki, İranın nüvə proqramı heç bir hüquqi əsas olmadan və beynəlxalq qanunlara zidd olaraq BMT TŞ-yə çıxarıldı və həmin şura bu məsələyə qarışdı. "Buna baxmayaraq, İran səbr və mətanətlə hərəkət etdi. ABŞ və bəzi Qərb ölkələrinin İranın NPT müqaviləsindən çıxması və MAQATE ilə əlaqələrinin kəsilməsi üçün cəhd etməsinə baxmayaraq, İran yenə də MAQATE ilə əməkdaşlığını davam etdirir və etdirəcək də", - deyə Sultaniyyə bildirib.
İranın nüvə proqramı, 2006-cı ildə MAQATE-nin nüvə proqramını dayandırması ilə bağlı çağırışına İran müsbət cavab vermədiyi üçün BMT TŞ-yə çıxarıldı. İndiyədək BMT TŞ İrana qarşı 5 qətnamə qəbul edib.
ABŞ, İsrail və bəzi Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramının davam etdirilməsindən narahatdır. Onlar İranı nüvə silahı əldə etmək istəyində ittiham edirlər. İran dəfələrlə bu məsələni təkzib edərək nüvə proqramının sülhyönlü olduğunu və ancaq enerji istehsalı məqsədi daşıdığını bildirib.
Sultaniyyə İran və MAQATE əməkdaşlığının səviyyəsi ilə bağlı bildirib ki, MAQATE-nin hər bir istəyi İranın hüquq və texniki mütəxəssisləri tərəfindən araşdırılır. "Əgər MAQATE-nin hər hansı bir istəyi beynəlxalq öhdəliklərə və milli təhlükəsizliyə zidd deyilsə, həmin istəklər təmin olunur", - o deyib.
"MAQATE bu həftənin sonu və ya gələn həftə İranın nüvə proqramı ilə bağlı yeni məruzəsini açıqlayacaq. İnanıram ki, yeni məruzədə İranın gördüyü müsbət işlər öz əksini tapacaq", - Sultaniyyə bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]