...

Türkiyənin Aİ-yə üzvlüyü məsələsində son qərar türk xalqının olacaq - Aİ-Türkiyə danışıqlarında baş müzakirəçi (MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 21 Sentyabr 2009 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir R.Hafizoğlu /

Trend -un Yaxın Şərq redaksiyasının Türkiyənin dövlət naziri, Aİ-Türkiyə danışıqlarında baş müzakirəçi Egemen Bakış ilə müsahibəsi.

- Türkiyənin Avropa İttifaqına tamhüqüqlu üzv olması üçün bir çox islahatlar keçirməsinə baxmayaraq, ölkə hələ də Aİ-yə üzv ola bilməyib. Fikrinizcə, islahatların keçirilməsinə baxmayaraq, nə üçün Türkiyənin üzvlük məsələsi hələ də təxirə salınır?

- Türkiyə ilə Aİ arasındakı əlaqələr və əməkdaşlıq 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Müqavilənin imzalanmasından sonra Türkiyə-Aİ əlaqələrində zaman-zaman durğunluq olsa da, razılaşma öz statusunu qoruyub saxlayıb. Əslində, Türkiyə və Aİ-nin bugünkü yaxınlaşmaları tarixi bir fürsət kimi dəyərləndirilməlidir. İnkişaf etmiş və yeni sərhədlərə sahib olan Aİ Türkiyəni də quruma üzv etməklə, dünyada güc sahibi ola biləcək. Əhalisinin 99 faizi müsəlman olan Türkiyənin bu quruma üzv olması mədəniyyətlərarası ittifaqın yaranmasına bir nümünə ola bilər. Unutmaq olmaz ki, müzakirələrə başlayıb bu müzakirələri sona çatdırmayan ölkə yoxdur. Misal olaraq, Malta, Çexiya, Bolqarıstan və Rumıniya kimi ölkələrin Aİ ilə aparılan müzakirələrdən sonra quruma üzv olmasını göstərmək olar. Türkiyə adıçəkilən ölkələrdən biri ola bilər. Başqa bir misal isə İngiltərənin Aİ-yə üzlüyünün əleyhinə Fransanın iki dəfə veto verməsidir. Bu gün isə İngiltərə Aİ-yə üzv olmaq üçün "lokomotiv bir ölkə" halına gəlib. Həmçinin Norveçi də misal göstərmək olar. Bu ölkə ilə bağlı müzakirələr bitdikdən sonra Norveç vətəndaşları ölkələrinin bu quruma üzv olmasının əleyhinə olduqlarını bildirmişdilər və nəticədə Norveç Avropa standartlarına uyğun olmasına baxmayaraq, qurumda üzvükdən imtina etdi.

Bu müzakirələrin Türkiyə üçün necə nəticələnəcəyini indidən söyləmək doğru olmazdı. İstər-istəməz bir gün Türkiyənin quruma üzvlüyü ilə bağlı müzakirələr bitəcək. Müzakirələr bitdikdən sonra isə həm Türkiyə, həm də Aİ çox fərqli müstəvidə olacaqlar və bu məsələdə söz sahibi olan idarəçilər son qərarlarını verəcəklər. İndidən Türkiyənin Aİ-yə üzvlüyü məsələsi və Aİ-nin Türkiyəyə qarşı münasibəti barədə fikir söyləmək sadəlövhlük olardı.

Biz Türkiyə olaraq əsas hədəflərimizə çatmalıyıq, hədəf isə Türkiyəni Aİ standartlarına uyğun bir ölkə halına gətirməkdir. Gec-tez hədəflərimzə - Avropa standartlarına yaxınlaşmalıyıq.

Hökumət olaraq Baş nazirin rəhbərliyi altında Türkiyənin daha demokratik və daha hüquqi bir dövlət olacağına inanırıq. Türkiyə Konstitusiyası ilə Aİ qanunvericiliyi arasında bir çox ortaq məsələlər var. Xüsüsən də demokratiya və insan azadlığı məsələsində. Məhz buna görə də Aİ-yə üzvlük Türkiyə üçün bu qədər önəmlidir. Təssüflər olsun ki, bu gün Türkiyə daxilində ölkənin Aİ-yə üzv olmasını istəməyən qüvvələr var. Hesab edirəm ki, vaxt gələcək bu danışıqlara qarşı olan qardaşlarımız da Atatürkün hədəfi olan müasir, demokratik Türkiyəni nəzərə alaraq, bizə bu məsələdə dəstək verəcəklər.

Aİ-nin Türkiyə ilə bağlı son günlərdə yayımladığı raportu nəzərinizə çatdırmaq istərdim. Raportda Avropanın öndə gələn ziyalılarının münasibəti əks olunub. Raportdan göründüyü kimi, Avropada da Türkiyənin bu quruma üzvlüyünü dəstəkləyənlər var. Mən əminəm ki, bu düşüncə tərzi Avropadakı digər düşüncələri üstələyəcək. Əslində bu raport Aİ-yə bir mesajdır. Türkiyəyə qarşı münasibət Aİ-nin təməl prinsiplərinə ziddir. Avropanın sakinləri ölkələrinin gerçək hüqüq və demokratiyaya uyğun bir şəkildə idarə edilməsinin tərəfdarıdırlar.

Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr 1,5 milyardlıq İslam aləmi və bütün dünya ölkələri tərəfindən yaxından izlənilməkdədir. Avropadakı normal düşüncə sahibləri Aİ-nin Türkiyə vasitəsilə dünyaya imtahan verdiyi düşüncəsindədirlər.

Hesab edirəm ki Aİ-yə üzv olan ölkələrdən buna bənzər raportlar yenə də olacaq. Biz baş verənləri yaxından izləyirik. Bununla yanaşı, Aİ-nin bəyanatlarını Türkiyə ictimaiyyətinin və Türkiyədə Aİ-yə müxalif olan qüvvələrin izləməsi lazımdır. Daha öncə də dediyim kimi, təəssüflər olsun ki, həm Türkiyədə Aİ-yə qarşı, həm də Avropada Türkiyə əleyhinə qüvvələr var. Hər iki tərəfə isə sadəcə olaraq bir söz demək olar: ədalət, haqq və hüquq Türkiyə və Aİ-nin birləşməsi tərəfdarıdır.

Unutmaq olmaz ki, siyası tələblərdən asılı olmayaraq, müzakirələr uzun sürən bir siyasi prosesdir. Türkiyə müzakirələrin aparıldığı müddətdə öz üzərinə düşən bütün öhdəlikləri yertinə yetirəcək. Əsas hədəfimiz bərabərhüquqlü üzvlükdür və bu yolda əzmlə irəliləcəyik.

Bu məsələdə ölkəmizə və millətimizə güvənirik. Qeyd etmək istərdim ki, Aİ-nin də bu məsələdə öhdəlikləri var. Aparılan müzakirələrin heç bir səbəb olmadan dayanması həm Türkiyəyə, həm də quruma daxil olan ölkələrə mənfi təsir göstərə bilər. Heç bir ciddi səbəb olmadan bu danışıqların yarımçıq qalmasına inanmıram.

- Türkiyə xarici siyasəti və hərbi potensialı sayəsində Yaxın Şərqin qabaqcıl ölkələrindən biri olmasına baxmayaraq, Aİ-yə üzv olmağa çalışır. Fikrinizcə, Aİ-yə üzvlük Türkiyəyə nə verəcək və bu üzvlük Türkiyəni Yaxın Şərqdən ayıra bilərmi?

- Türkiyə Avropa ilə birləşə biləcək və eyni zamanda, ən qədim tarixə və köklü mədəniyyətə sahib bir ölkədir. Ölkəmiz bu mənada sadəcə Hindistan və Çindən Avropaya qədər uzanan mədəni irsləri Avropaya daşıyan bir körpü deyil, bütün bunları sintez edə bilən mədəniyyət mərkəzidir. Türkiyə düşüncə və iradə azadlığının daha da inkişaf etdiyi, müxtəlif mövzuların müzakirə edilə bildiyi, bütün mədəniyyətlərin və fərqli düşüncələrin bir arada olduğu bir ölkədir.

Məhz bu cür olması ilə Türkiyə Aİ-yə üzv olan ölkələrin mədəniyyətinə zənginlik gətirə bilər. Türkiyə Avropa mədəniyyətinin bir hissəsi deyil. Avropa ilə birləşərək insanlıq mədəniyyətinə fayda verə biləcək bir Türkiyənin olmasını istəyirik.

Qeyd etmək istərdim ki, Türkiyənin üzvlüyü eyni zamanda bu gün çox vacib olan mədəniyyətlər ittifaqının da reallaşması üçün çox əhəmiyyətli məsələdir.

Lakin Türkiyənin Aİ-yə üzvlüyü məsələsində son qərar bu qurumun və türk xalqının olacaq. Daha əvvəl də dediyim kimi, Türkiyənin bu quruma üzv olması həm Türkiyəyə, həm də quruma üzv olan dövlətlərə böyük fayda verə bilər.

Əslində Türkiyənin Aİ-yə üzlüyü sadəcə xarici siyasətin bir hissəsi deyil, eyni zamanda, Türkiyənin son 200 ildə beynəlxalq şərtlərə uyğunlaşması layihəsidir. Bu layihə Türkiyənin müasirləşmə prosesidir.

Türkiyənin Balkan ölkələri, Yaxın Şərq, Rusiya Federesiyası, Qafqaz və Orta Asiyada tarixi və möhkəmlənməkdə olan əlaqələri adı çəkilən regionlarda demokratiya və insan haqlarının daha da inkişaf etməsinə yardım göstərəcək.

Türkiyənin həm də enerji qaynaqları uğrunda mübarizənin qızğın bir vaxtda təbii qaz ehtiyatlarının etibarlı şəkildə Avropa bazarlarına çatdırılması üçün bir körpü rolunu oynadığını da bilmək lazımdır.
"Bakı-Tiflis-Ceyhan" başda olmaqla, müxtəlif layihələrin Avropa bazarlarına dayanmadan çatdırılması Türkiyə vasitəsilə təmin olunmaqdadır. Misal üçün, "Nabukko" layihəsinin Türkiyə vasitəsilə həyata keçirilməsini göstərmək olar. Bu layihə Avropanın enerji ehtiyatları ilə təmin olunması baxımından çox mühüm bir layihədir. Bu layihə Avropanı enerji ilə təmin etməklə yanaşı, sülh və stabillik layihəsidir.
Təbii ki, Türkiyənin xarici siyasəti sadəcə Aİ-yə üzvlüklə məhdudlaşmır. Dünyada və regionumuzda sülh və stabilliyin təmin olunması üçün digər layihələrin də həyata keçirilməsinə çalışırıq.

Əfqanıstan və Pakistan, İsrail və Suriya, Rusiya və Gürcüstan arasında vasitəçilik edərkən, mədəniyyətlərarası dialoqun olması üçün vasitəçilik edərkən Türkiyə olaraq üzərimizə düşənləri icra etmək istəyindəyik.

Türkiyənin Aİ-yə üzvlüyünün Ankaranın bölgədəki bütün dövlətlərlə daha yaxşı münasibətlərinin qurulmasına bir vasitə olması ilə yanaşı, mədəniyyətlərarası dialoqun reallaşması üçün körpü rolunu oynacağına inanırıq.
- Əgər Türkiyə Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilməsə, rəsmi olaraq Ankara bu quruma qarşı hər hansı bir alternativ qurum yaratmaq istəyində olacaqmı?

- Aİ-yə üzvlük Ankaranın uzun zamandan bəri həyata keçirmək istədiyi hədəfdir. Cümhuriyyətin qurulma səbəblərindən biri də həyatın bütün sahələrində beynəlxalq əlaqələri mənimsəmək olub. Məhz bu səbəbdən də Türkiyə Cümhuriyyəti qurulduğu gündən etibarən bu günə qədər bir çox siyasi və iqtisadi sahələrdə islahatlar aparıb.

1963-ci ildə Ankara müqaviləsinin imzalanmasını Türkiyə və Aİ arasında perspektivli addım kimi qiymətləndiririk. 1999-cu ildə Helsinki zirvəsində ölkənin namizədliyinin qəbul edilməsi Türkiyə-Aİ münasibətlərində yeni bir pəncərə oldu. Nəhayət, Aİ 2004-cü il dekabrın 17-də Türkiyənin siyasi kriteriyaları yetərincə yerinə yetirdiyi barədə qərar verdi . Həmçinin oktyabrın 3-də Lüksemburqda keçirilən Hökumətlərarası Konfransda qərara alındı ki, Türkiyənin üzvlük məsələsi müzakirə olunsun.
Bu vaxta qədər 11 fəsillik müzakirələr edilib və bu istiqamətdə çalışmalarımızı davam etdiririk. Bütün bunları nəzərə alaraq onu söyləmək istərdim ki, Türkiyənin Aİ-yə üzvlüyünün qarşısını ala biləcək ciddi bir maneə yoxdur. Hesab edirəm ki, vaxtı çatanda həm Aİ idarəçiləri, həm də Türkiyədə ən doğru qərar verəcəklər.

Bir məsələni xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün təkcə Türkiyə Aİ-yə ehtiyac duymur, eyni zamanda, Aİ-nin də Türkiyəyə ehtiyacı var. Lakin Türkiyə ilə Aİ-nin bir-birinə ehtiyacı olmasına baxmayaraq, nədənsə hələ də tam olaraq bu məsələ reallaşmır.

Təəssüflər olsun ki, Avropada bu reallığı görməyənlər, daha doğrusu, görmək istəməyənlər var. Türkiyənin din və mədəniyyət fərqliliyini önə çəkərək, Ankaranı bu qurumdan kənarda tutanlar Avropada yaşayan 15 milyon müsəlmanın bu ölkələrə inteqrasiya edə biləcəyinin fərqində deyillər.

Biz Türkiyə tərəfi olaraq, ilk növbədə İslam mədəniyyətindən qaynaqlanan adətlərimizi dünyəvi və demokratik sistemlə uyğunlaşdırma siyasətini seçdik. Əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu bir ölkənin qərbə üz tutaraq onlarla birləşə biləcəyini göstərdik. Mədəniyyətlərin, sivilizasiyaların müharibəsini deyil, onların Türkiyədə bir yerə gələrək birləşə biləcəyini tərənnüm etdik. Dini prinsiplərə arxalanan hər cür qruplaşmalar tarixdə itib batmalıdır. XXI əsrdə din siyasi və coğrafi fərqliliklərə deyil, biləşməyə xidmət etməlidir.

Aİ ilə Ankara arasındakı danışıqlarda baş müzakirəçi olaraq onu söyləyə bilərəm ki, yeni və daha fərqli bir alternativ yaratmaqdansa, Türkiyə və Avropa İttifaqı arasında 1963-cü ildə imzalanan razılaşmanın davam etməsi daha məqsədə uyğun olardı. Bu danışıqların gez-tez müsbət nəticə verəcəyinə inanıram.
- Azərbaycan və Cənubi Qazqaz ölkələrinin Aİ-yə üzvlüyünü və bu qurumun adıçəkilən ölkələrə qarşı siyasətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Aİ 1996-ci ilin aprel ayından etibarən Cənubi Qafqaz, o cümlədən Azərbaycana yönəlik siyasət yürüdür. Unutmaq olmaz ki, sərhədlərin genişlənməsi yeni fürsətlərlə yanaşı, yeni problemlər də ortaya qoymaqdadır. Bütün bunları və qonşuluq siyasətini nəzərə alaraq, Avropa İttifaqı Azərbaycan və bir sıra ölkələrə qarşı bu siyasəti tətbiq etmişdir.

Türkiyə Aİ-yə üzvlüklə bağlı müzakirə aparan bir dövlət olaraq, birliyin regionda dost və qardaş olan Azərbaycan və bütünlüklə Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir.
Dünyada enerji daşıyıcılarının təhlükəsizliyi baxımından atılan addımlar Avropa İttfaqı və Türkiyə üçün mühüm olduğu kimi, Azərbaycan üçün də mühümdir.

Neft və təbii qaz istehsalçısı olması Avropa İttifaqının Azərbaycana olan ehtiyacını tədricən artıracaq.
Digər tərəfdən, onsuz da Azərbaycanı ümumbəşəri əsas dəyərlər olaraq qəbul edilən "demokratiya", "insan haqları və "hüququn aliliyi" prinsiplərinə uyğun olaraq Avropanın əsas dəyərlərinə bağlı bir ölkə kimi görürük. Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv ölkə olsa, Azərbaycan və digər Qafqaz ölkələrinin də mədəni və coğrafi fərqlilikləri nəzərə alınaraq bu quruma üzv olmalarının strateji baxımdan faydalı ola biləcəyi düşüncəsinədir.

Lakin Avropa İttifaqına üzvlük Azərbaycan xalqının qərarı və seçimi ilə olmalıdır. Əgər Azərbaycan Avropa İttfaqına namizədliyini irəli sürərsə, Türkiyə bu məsələdə Azərbaycana hər cür dəstək verməyə və təcrübəsi ilə paylaşmağa hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti