MAQATE müşahidəçiləri Qum şəhərində yeni tikilmiş ikinci uranın zənginləşdirilməsi zavoduna baxış keçirmək üçün İrana səfər edəcəklər. Mehr agentliyinin məlumatına əsasən, MAQATE-nin müşahidəçi heyəti oktyabrın 25-də Tehrana səfər edəcək.
Oktyabrın 4-də MAQATE-nin baş direktoru Məhəmməd əl-Baradeyi ilə keçirdiyi birgə mətbuat konfransında İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əliəkbər Salehi bildirmişdi ki, MAQATE müfəttişlərinin İranın ikinci nüvə zavodunda yoxlamalar aparması yaxın həftələrdə baş tutacaq.
Atom Enerjisi Təşkilatının sədri Fordu zavodu (Qumdakı nüvə zavodu) barədə İranın MAQATE-yə vaxtından bir il əvvəl məlumat verməsinə toxunaraq deyib ki, növbəti addımlar, o cümlədən yoxlamalar MAQATE-nin nəzarət sistemi çərçivəsində həyata keçirilməlidir.
Sentyabrda BMT Baş Assambleyasının iclası keçirilən zaman İranın Qum şəhərində daha bir uranın zənginləşdirilməsi zavodunun olması aşkar edilib.
Qum şəhəri yaxınlığında yerləşən İranın ikinci uranın zənginləşdirmə mərkəzinin ümumi tutumu 3000 sentrifuqdur.