İran, Tehran, 26 oktyabr / Trend , müxbir T.Cəfərov/
"Ümid edirəm ki, danışıqlar bütün Xəzəryanı ölkələrin mənafelərinə uyğun qərarların qəbulu ilə yekunlaşacaq", - İranın xarici işlər naziri Mənuçöhür Müttəki bildirib.
"Xəzərin statusu ilə bağlı ümumi razılaşma əldə edilib", - deyə Müttəki XVI Beynəlxalq Mətbuat və informasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanları nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Müttəki bildirib ki, Xəzəryanı ölkələrin iştirakı ilə dənizin statusunun müəyyənləşdirilməsi ilə bağlı bu günlərdə Azərbaycanın paytaxtı Bakıda beştərəfli gürüş keçirilib: "Xəzər ekoloji, enerji, təbii sərvətlər baxımından önəmli dənizdir. Dövlətlər arasında Xəzərin hərbsizləşdirilməsi və təhlükəsizliyi ilə bağlı razılaşmalar müvcuddur. Xəzərdə kənar xarici gəmilərin üzməməsi və transxəzər enerji nəqlinin olmamasına dair də razılıq var".
Nazir Xəzərin təbii sərvətlərindən istifadə və mühafizəsinə dair Ekoloji Katibliyin təsis olunması barədə razılığa gəlindiyini də qeyd edib: "İran və Azərbaycan katibliyin ölkələrində yerləşməsi üçün namizədliyini irəli sürüblər".
Müttəki Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair müzakirələrin davam etdiyini, ümumi razılaşmaya nail olunduğunu bildirib. Bununla belə o, yekun qərarın nə zaman veriləcəyinə dair konkret vaxt söyləməyib.