...

İranda etirazlar radikallaşır - Deutsche Welle-nin Fars redaksiyasının rəhbəri

Dünya xəbərləri Materials 29 Dekabr 2009 17:35 (UTC +04:00)
Almanin Detsche Welle radiosunun Fars redaksiyasının rəhbəri Cəmşid Faruği (Jamsheed Faroughi) bildirib ki, Aşura günü Tehranda baş verən hadisələr narahat edicidir.
İranda etirazlar radikallaşır - Deutsche Welle-nin Fars redaksiyasının rəhbəri

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir D.Xatınoğlu/

Almaniyanın Deutsche Welle radiosunun Fars redaksiyasının rəhbəri Cəmşid Faruği (Jamsheed Faroughi) bildirib ki, Aşura günü Tehranda baş verən hadisələr narahatçılıq törədir. Hadisələri diqqətlə izləyəndə görürük ki, müxalifət və xalq əvvəlcə dinc aksiyalar keçirirdi. Hakimiyyətin sərt təpkisinə məruz qalan xalq hazırda daha radikal və aqressiv şəkildə etiraz edir. Polis qüvvələrinin güc tətbiq etdiyini görən xalq polisə qarşı güc tətbiq etməyə başlayıb.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Aksiyalardan beynəlxalq mətbuatda yayılan şəkillərdə bəzən xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini oda çəkməsi görünür.

İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb.

Ötən gün İran polisinin rəis müavini general Əhmədrza Radan Aşura günü baş verən hadisələrdə 300 nəfərin həbs olduğunu deyib. Beynəlxalq İnformasiya Agentliyinin məlumatına görə, ölənlərin sayı 15-dir və təxminən 550 nəfər həbs edilib.

Faruğinin fikrincə müxalifətə qarşı təzyiqlər azalmazsa, onlar getdikcə razılaşacaq. "Fikrimcə, hazırda İranda vəziyyət böhran vəziyyətə çatıb. Əgər hökumət müxalifətə güzəştə getməsə və hazırda tutduğu aqressiv mövqeni davam edərsə, müxalifətin etirazları radikallaşacaq", -deyə Faruği çərşənbə axşamı Trend -a Almaniyadan telefonla bildirib.

Faruğini fikrincə, İranın Ali Lideri Ayətullah Əli Xamenei çox tez bir zamanda, xalqın və müxalifətin etirazlarına diqqət göstərməlidir.

"Hər an Ayətullah Xameneinin İranda baş verən hadisələrə təsir edicilik qüvvəsi azalır və tez bir zamanda qarşudurmaların qarşısını almağa cəhd etməzsə, hadisələrə nəzarətin bütövlükdə onun əlindən çıxması təhlükəsi gözlənilir", -deyə Faruği deyib.

İyunun 12-də İranda keçirilən prezident seçkilərinin nəticəsinə geniş etirazlar olunub. Əhmədinecadla rəqabət aparan islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi onun hakimiyyətinin legitimliyini rəsmiyyətə tanımır. Hakimiyyət onlarla aksiyaçını həlak edib, minlərlə müxalifəti həbs etsə də, etirazlar səngimək bilmir. Hakimiyyətin aqressiv və kobud rekasiyasını BMT İnsan Haqları Assembliyası, Amnesty İnternational , Avropa birliyi və ABŞ kəskin tənqid edib.

Faruği hesab edir ki, İran hakimiyyəti çox kobud şəkildə dinc aksiyalar keçirən xalqı əzib. Bu isə, müxalifət və hakimiyyət arasında olan dialoqu çətinləşdirib. Onun sözlərinə görə, Xamenei Əhmədinecadın hakimiyyəti və xalqı susdurmağa çalışan hərbiçiləri müdafiə edir.

İyun ayının 13-də, seçkilərdən bir gün sonra, dərhal Ayətullah Xamenei Əhmədinecadın qalib gəldiyini təbrik edib və müxalifəti susmağa çağırıb. Xamenei "prezident seçkilərinin nəticəsinə etiraz etməyi Allahın yanında ən böyük günah" adlandırıb.

Faruğinin fikrincə, Musəvi və Kərrubi həbs olunsa bu xalqın qəzəbinə səbəb olacaq. Qəzəbli xalq isə daha sərt və kobud şəkildə bu hadisəyə münasibət göstərəcək, hansı ki, yaranmış böhran tamamilə nəzarətdən çıxa bilər.

İran Parlamentinin 144 nümayəndəsi İranın Məhkəmə Hakimiyyətinin (sisteminin) sədri Ayətullah Amoli Laricaniyə şikayət ediblər və onun həbs olunmasını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti