Bu gün günorta İranın paytaxtı Tehran şəhərində Rixter cədvəli üzrə 1.9, 1.7 və 1.8 bal gücündə üç zəlzələ baş verib. Məlumatı İranın İRNA agentliyi yayıb.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 12:32-də, ikincinin 13:21-də, üçüncünün isə 13:34-də baş verdiyini qeyd edib.
Zəlzələ nəticəsində ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.
Ümumiyyətlə, İranda tez-tez dağıdıcı zəlzələlər baş verir.
Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 000 insan həlak olmuş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7.7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 000 insan həlak olmuş və Gilan və Zəncan əyalətlərində 100 000 nəfərdən çox insan yaralanmışdı.