İran Prezidenti Mahmud Əhmədinejad, Həmid Kərzayi ikinci müddətə prezident seçiləndən sonra, Əfqanıstana ilk rəsmi səfərə gəlib. Bu barədə Press TV məlumat verib.
İran Prezidenti Əfqanıstanın paytaxtında vitse-prezident Məhəmməd Qasim Fəhimlə görüşüb. Məlumata əsasən, hazırda Prezident iqamətgahına yollanan Əhmədinejadı Prezident Kərzayi rəsmən qəbul edəcək.
"İşğalçı qoşunların ölkədən çıxarılması və Əfqanıstanda mövcud olan cari problemlərin həlli üçün İranın innovasiya planları mövcuddur", - Əhmədinejad jurnalistlərə səfəri ərəfəsində bildirib.
O, iki qonşu dövlət arasında sarsılmaz əlaqələrin olduğunu qeyd edib və bildirib ki, İran həmişə əfqan xalqına ən çətin vaxtında dəstəkçi olub.
Əhmədinejad bildirirb ki, İran və Əfqanıstan hökumətləri müntəzəm məsləhətləşmələr aparır.
İran Prezidenti mövcud olan problemlərin həllində gələcəkdə müsbət addımların atılması xüsusunda nikbin fikir ifadə edərək, yüksəkrütbəli əfqan məmurları ilə danışıqlar keçirəcəyini bildirib.
İran əmindir ki, Əfqanıstanda indiki qeyri-sabitlik və təhlükəsizliyin olmaması xarici qonşuların, xüsusilə də ABŞ-ın iştirakı ilə izah olunur və rəsmi Tehran dəfələrlə ABŞ qoşunlarının bu ölkədən tamamilə çıxarılmasına çağırıb.