Türkmənistan, Aşqabad, 2 aprel /Trend, müxbir H.Həsənov/
Günün birinci yarısında BMT Baş katibi Pan Gi Mun ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun görüşü planlaşdırılıb.
"Qarşıdakı danışıqlar Türkmənistanla BMT arasında çoxillik məhsuldar dialoqun genişləndirilməsi yolunda mühüm addım, onun ümumi maraqlara cavab verən məzmunla zənginləşdirilməsi olacaq". - Bu gün Türkmənistan hökumətinin mətbuat xidməti bildirib.
Pan Gi Mun mənzil-qərargahı Türkmənistanın paytaxtında yerləşən BMT-nin Mərkəzi Asiya üçün preventiv diplomatiyası üzrə regional mərkəzində olacaq.
BMT Baş katibinin xüsusi nümayəndəsi, bu mərkəzin rəhbəri Miroslav Enç Aşqabadda jurnalistlərə deyib ki, Pan Gi Mun Mərkəzi Asiyaya turne zamanı birinci şəxslərlə regional problemlərlə bağlı danışıqlar aparacaq, BMT ilə əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini qiymətləndirəcək.
Gündəlikdə dünya birliyinin Əfqanıstanda vəziyyətin sabitləşməsi üzrə səylərinə Mərkəzi Asiya dövlətlərinin yardımının mümkünlüyü, BMT ilə beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı fəaliyyət, həmçinin, nüvə silahlarının yayılmaması məsələləri durur.
Ekoloji təhlükəsizliyin aspektləri və təbii resurslardan istifadə məsələsinin müzakirəsi də gözlənilir.
"Baş katib Aral dənizi zonasına baş çəkməyi, region ölkə rəhbərləri ilə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı görülən işlərin müzakirəsini planlaşdırır", - xüsusi nümayəndə Türkmən Dövlət Xəbərləri (TDX) xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, terrorçu qruplaşmalar və narkotika alverçilərinin fəaliyyəti də daxil olmaqla, transsərhəd cinayətkarlığı kimi təhlükələrə qarşı mübarizə məsələlərinə də toxunulacaq.
"Region qlobal maliyyə-iqtisadi böhranı kimi amilin təsirinə də məruz qalıb; baxmayaraq ki onun təsiri Mərkəzi Asiya dövlətlərinin hamısı üçün eyni olmayıb", - Enç bildirib.