İran Prezidentinin müavini Əhməd Bozorgiyan bildirib ki, Tehranda yaşayan 200 min nəfər dövlət işçisi paytaxtdan çıxarılmalıdır və çıxarılacaq. Bu barədə İranın İRİNN xəbər kanalının rəsmi saytı məlumat yayıb.
Bozorgiyan deyib ki, paytaxtı tərk edəcək dövlət işçilərinin maaşları 25- 50 faizə qədər artırılacaq.
Məlumata əsasən, həmin işçilər, silahlı qüvvələr, rəsmi dövlət işçiləri, müqavilə əsasında çalışanlar, bank, dövlət şirkətləri, suğorta və digər dövlət müəssiələrində çalışanlardan olacaq.
Bundan öncə İran Prezidenti Mahmud Əhmədinejad paytaxt Tehranda zəlzələ təhlükəsi olduğunu və bu şəhərdən 5 milyon nəfərin çıxarılmasının zəruriliyindən danışmışdı.
Əhmədinejad deyib ki, Tehran əyalətində hazırda 13 milyon 700 min nəfərdən çox insan yaşayır və Tehranda baş verə biləcək hər hansı bir hadisə üçün hazır olmaq lazımdır.
"Tehranda zəlzələnin başvermə ehtimalı ciddi nəzarətdə saxlanılmalı və bu təbii fəlakətə hazır olmaq üçün daim "zəlzələ manevrləri" keçirilməli, bütün orqanların hazırlıq vəziyyəti yoxlanılmalıdır", - Əhmədinejad deyib.
Paytaxtı könüllü şəkildə tərk edəcək dövlət işçiləri üçün isə maaşın artımından əlavə, torpaq sahəsi ayrılır, ev tikmək üçün vəsait verilir və digər güzəştlər tətbiq olunur.
Paytaxt Tehran zəlzələ zonasında yerləşdiyi üçün bundan əvvəl paytaxtın köçürülməsi haqqında təkliflər irəli sürülmüşdü. İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.