Bu gecə İsrail HDD-nin mühasirədə olan Qəzza sektoruna humanitar yük daşıyan gəmi karvanının ələ keçirilməsi ilə bağlı əməliyyatları zamanı, ən azı, 16 nəfər həlak olub və 30 nəfər yaralanıb. Bu barədə türk KİV-i İsrail televiziyasına istinadən məlumat verib.
Xəbərdə deyilir ki, İsrail hərbçiləri arasında da ölən və yaralananlar var. Bu barədə "RİA-Novosti" agentliyi ordudakı mənbələrə istinadən yazır.
Hərbçilər "Azadlıq donanması"nın hücumla ələ keçirilən gəmilərini yedəyə alaraq, Hayfa və ya Aşdod limanlarına aparıblar. Qəzzanın mühasirəsinin yarılması cəhdində 6 gəmi iştirak edib. Səfər təşkilatçılarının verdikləri məlumata görə, onlar Fələstin anklavına, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük gətirirdilər.
İsrail "Azadlıq donanması"nın yürüşünü siyasi təxribat və humanitar baxımdan mənasız adlandıraraq, gəmilərə Qəzza sahillərinə yaxınlaşmağı qadağan edib; onların ələ keçiriləcəyi və deportasiya olunacağı ilə hədələyib.
Lazımi yoxlamalardan keçdikdən sonra, humanitar yükün yerüstü sərhəd keçidlərindən fələstinlilərə göndəriləcəyi ehtimal olunur.