Bir müddət öncə kosmosa canlı orqanizm göndərdik və ölkənin Kosmik Agentliyinin proqramlarına əsasən, birinci kosmonavt 2024-cü ildə göndərilməli idi, lakin hökumət bəzi proqramlar həyata keçirdi və 2017-ci ildə ilk kosmonavtımızı kosmosa göndərəcəyik. Bu sözləri İran Prezidenti Mahmud Əhmədinejad ötən gün Həmədan əyalət televiziyası ilə canlı yayımda çıxışı zamanı deyib. Bu barədə İran Prezidentinin rəsmi xəbər saytı president.ir məlumat verir.
Əhmədinejad deyib ki, iranlı kosmonavtın kosmosa getməsi ilə dünyada diplomatik tənliklərdə böyük dəyişiklik baş verəcək.
Əhmədinejad deyib ki, yaxın gələcəkdə orbitə rabitə peyki buraxacağıq və bu peyk bir il orbitdə olacaq. "Kosmik Agentlik orbitə rabitə və televiziya peykinin buraxılması üçün proqramı hökumətə təqdim edib, bu proqram yaxın gələcəkdə icra olunacaq", - deyə Əhmədinejad bildirib.
İran 2010-cu ilin fevral ayında öz yerli istehsalı olan "Kavoşgər-3" raketində kosmosa canlı orqanizm göndərib. İran, raket daxilində kosmosa ilk dəfə olaraq canlı orqanizm göndərib. Burada siçovullar, tısbağalar və ilbizlər olub.