"Rosaviasiya" təsdiq edir ki, bundan əvvəl qatı tüstü səbəbindən problemlərlə üzləşən Moskvanın "Şeremetyevo", "Vnukovo" və "Domodedovo" aeroportlarında indi vəziyyət normaldır. Xəbəri "RİA Novosti" yayıb.
Bundan əvvəl bazar ertəsi aeroport nümayəndələri "RİA-Novosti"yə bildiriblər ki, "Şeremetyevo", "Vnukovo" və "Domodedovo" ştat rejimində işləyir, demək olar, bütün reyslər cədvəl üzrə yerinə yetirilir. "Şeremetyevo"da reyslərin gecikməsi halları yoxdur. "Domodedovo" və "Vnukovo"dan bildiriblər ki, reyslərdə, az da olsa, gecikmə halları var, lakin bu, qatı tüstü ilə deyil, təyyarələrin gəlməsi ilə bağlıdır.
"Vəziyyət normallaşıb. Görüntü təyyarələrin gecikmədən enmə və qalxması üçün kifayət qədərdir", - "RİA-Novosti"yə "Rosaviasiya"nın nümayəndəsi deyib.
İdarənin məlumatına görə, "Domodedovo" aeroportunda görüntü 5,0 min metr, "Vnukovo"da 3,6 min metr, "Şeremetyevo"da 1,9 min metr təşkil edir.
Bazar günü Rusiyanın Avropa hissəsində əmələ gələn meşə yanğınları nəticəsində yaranan qatı tüstü "Domodedovo" və "Vnukovo" aeroportlarını təyyarələrin qəbulunu və yola salınmasını hava şəraitinə uyğun həyata keçirməyə məcbur edib. Reyslərin çox hissəsi Qazan, Nijni-Novqorod, Sankt-Peterburq, Ulyanovsk, Voronejin ehtiyat aerodromlarına və "Şeremetyevo" aeroportuna göndərilib. Təyyarələrin qalxmasında da problem yaranıb. Axşama yaxın vəziyyət normallaşıb.
"Rosaviasiya" bundan əvvəl bildirmişdi ki, qatı tüstüyə baxmayaraq, ötən bazar günü Moskva aeroportlarından 2010-cu ildə sutka ərzində ən çox sayda - 104,44 min sərnişin yola salınıb.