İranda sentyabrın 22-də sui-qəsdə məruz qalan kardioloq-həkim bu gün xəstəxanada vəfat edib. Bunu Behişti xəstəxanasının baş həkimi Məhəmmədrza Rəzzaqi deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.
Sentyabrın 22-də gecə paytaxt Tehranda kardioloq-həkim Qulamrza Sərabiyə qarşı odlu silahdan atəş açılıb. Bundan öncə, cari həftənin çərşənbə axşamı günü digər bir həkim - Əbdürrza Sudbəxş öz şəxsi klinikasının qarşısında naməlum şəxslər tərəfindən öldürülüb. İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Həmid Hüseyni bildirib ki, nazirlik və polis həkimlərə qarşı silahlı hücumlarla bağlı araşdırma aparır.
Cari ilin yanvar ayında İranın nüvə fiziki Məsud Məhəmmədi paytaxt Tehranda bombanın partlaması nəticəsində həlak olub. Məlumata görə, uzaqdan idarə edilən bomba alimin evinin yaxınlığında partlayıb.