İranın təhlükəsizlik qüvvələri terror məqsədi ilə təlim keçmiş bir qrup şəxsi həbs edib. Bu barədə Tehran şəhərinin baş prokuroru Abbas Cəfəri Dövlətabadi bu gün keçirdiyi mətbuat konfransında deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.
Dövlətabadi deyib ki, həbs edilmiş terror şəbəkəsinin üzvləri qonşu ölkələrin birində təlimlər keçiblər və özlərinin ifadələrinə görə, İranda bəzi şəxslərə qarşı terror aktı törətməyə hazırlaşırmışlar.
"Nüvə alimlərinə qarşı terror aktı törətmiş şəxslər hələlik tutulmasa da, həbs edilmiş terror şəbəkəsinin üzvlərinin ifadələrində həmin terrorlarla bağlı sübutlar əldə olunub", - Dövlətabadi deyib.
Dekabrın 3-də İran İslam Respublikasının kəşfiyyat naziri Heydər Müslehi bildirmişdi ki, bazar ertəsi Tehranda baş verən partlayışlara görə məsuliyyət daşıyan və məşhur nüvə aliminin qətlində şübhəli bilinən şəxslər saxlanılıb. "Terror şəbəkəsi geniş plan hazırlayıb, lakin nazirlik bu planın həyata keçirilməsinə mane ola bilər", - Müslehi deyib.
Noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.
İranın rəsmi şəxsləri ABŞ, İsrail, Böyük Britaniya və NATO kəşfiyyatını noyabrın 29-da iki tehranlı müəllimə qarşı yönələn terror aktlarında bilavasitə və ya dolayısı ilə əli olmaqda günahlandırırlar.