Azərbaycan, Bakı, 9 dekabr /Trend/
ABŞ-ın Qırğızıstandakı "Manas" tranzit daşımalar mərkəzində iştirakı bütün Mərkəzi Asiya regionunda təhlükəsizlik üçün mühüm amildir. Qırğızıstanın ABŞ-dakı səfiri Muxtar Cumaliyev belə hesab edir.
"ABŞ-ın Qırğızıstandakı "Manas" tranzit daşımalar mərkəzində iştirakı bütün regionun təhlükəsizliyi üçün mühüm amildir", - Cumaliyev "Amerikanın səsi"nə (VOA) müsahibəsində bildirib.
Onun fikrincə, mərkəzin Qırğızıstan ərazisində fəaliyyətinin davam etdirilməsi vacibdir və bu, dünya ictimaiyyətini maraqlandıran, tez-tez verilən suallardan biridir.
"Qırğızıstanın səfiri kimi mən demək istərdim ki, bəli, biz mərkəzin fəaliyyətini davam etdirmək istərdik", - səfir bildirib.
Lakin onun sözlərinə görə, bu gün Qırğızıstan parlamentli respublikadır, ona görə də son söz yaxın vaxtlarda formalaşacaq parlament və hökumətindir.
"Biz ümid edirik ki, yeni hökumət "Manas"ın taleyi ilə bağlı məsələyə anlayışla yanacaq. Ürəkdən əminəm ki, qırğız xalqı və qonşu ölkələr anlayırlar ki, bu mərkəz bütün regionda sabitliyin mühüm amilidir", - səfir bildirib.