...

Çabahardakı partlayışda şübhəli bilinən daha bir nəfər həbs edilib

Dünya xəbərləri Materials 17 Dekabr 2010 16:44 (UTC +04:00)
Çərşənbə günü İranın cənub-şərqində yerləşən Çabahar şəhərində törədilən və 39 nəfərin həyatına son qoyan terror aktının təşkilində şübhəli bilinən daha bir nəfər həbs olunub.
Çabahardakı partlayışda şübhəli bilinən daha bir nəfər həbs edilib

Çərşənbə günü İranın cənub-şərqində yerləşən Çabahar şəhərində törədilən və 39 nəfərin həyatına son qoyan terror aktının təşkilində şübhəli bilinən daha bir nəfər həbs olunub. Bu barədə Sistan və Bəluçistan əyalətinin başçısı Əli Məhəmmədzadə bildirib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

Bundan əvvəl ölkənin informasiya agentliyi terror aktının iştirakçısı olduqları güman edilən səkkiz nəfərin saxlanması barədə məlumat vermişdi.

Çərşənbə günü səhər saat 10:30 radələrində İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb və 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib. Terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27-yə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.

Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.

Xəbər lenti

Xəbər lenti