...

Mərkəzi Bankın rəhbərini yenə də Əhmədinejad təyin edəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Yanvar 2011 16:08 (UTC +04:00)
İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi bildirib ki, bundan sonra da İran Mərkəzi Bankının rəhbəri prezident tərəfindən təyin olunacaq və işdən azad ediləcək.
Mərkəzi Bankın rəhbərini yenə də Əhmədinejad təyin edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 15:20-də yayılıb)

İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi bildirib ki, bundan sonra da İran Mərkəzi Bankının rəhbəri prezident tərəfindən təyin olunacaq və işdən azad ediləcək. Məlumatı İranın FARS agentliyi yayıb.

İran KİV-in məlumatına əsasən, Mərkəzi Bank rəhbərinin kimin tərəfindən təyin olunacağı ilə bağlı mübahisələr İran parlamenti və Nəzarət Şurası arasında ötən ay yaşanıb. Belə ki, İranın Nəzarət Şurası parlamentdə təsdiq edilmiş ölkənin beşinci inkişaf proqramı haqqında qanun layihəsinin 80-cı maddəsinin konstitusiyaya zidd olduğunu bəyan edib. Parlament isə israrla təsdiq etdiyi qanun layihəsinin düzgün olduğunu bildirib və problemin həll edilməsi üçün qanun layihəsini baxılması üçün ölkənin Məsləhət Şurasına göndərib. Həmin qanun layihəsinin 80-cı maddəsi İran Mərkəzi Bankının baş assambleyasının tərkibinin təşkili və rəhbərinin kimin tərəfindən seçilməsi barədədir.

Qanuna əsasən, Mərkəzi Bankın rəhbəri postuna namizəd prezident tərəfindən təqdim olunur və parlamentdə rəy aldıqdan sonra vəzifəsini yerinə yetirir. Nəzarət Şurası isə bu qanunu qəbul etməyərək bildirib ki, konstitusiyada ancaq nazirlərin səlahiyyətlərinin parlamentdə təsdiq olunmasına icazə verilir, Mərkəzi Bank rəhbərinin səlahiyyətlərinin parlamentdə səsə qoyulması isə konstitusiyaya ziddir.

Mərkəzi Bank rəhbərlərinin tez-tez Əhmədinejad tərəfindən dəyişilməsi ölkədə tənqid olunub. Əhmədinejad 2005-ci ildə prezident seçildikdən sonra Mərkəzi Banka üç rəhbər təyin edib. Mərkəzi Bank rəhbərinin təyin edilməsi ilə bağlı mübahisə yarandıqdan sonra Əhmədinejadın bankın baş assambleyasında üzvlükdən çıxarılması və bank rəhbərinin seçilməsi səlahiyyətinin əlindən alınması ilə bağlı məlumatlar mətbuatda dərc olunmuşdu. Rzayi bu məlumatlara münasibət bildirərək deyib ki, Mərkəzi Bank rəhbərinin təyin olunması, işdən azad edilməsi və onun istefasının qəbul edilməsi kimi məsələlər bundan əvvəl də olduğu kimi prezidentin ixtiyarındadır.

Xəbər lenti

Xəbər lenti