Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər 13:11-də yayılıb)
İranın Passiv Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali bildirib ki, mütəxəssislər ölkənin internet şəbəkəsində yayılan "Stars" adlı ikinci virusu aşkar ediblər. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Cəlalinin sözlərinə görə, hazırda mütəxəssislər virusla bağlı araşdırma aparırlar və yaxın günlərdə nəticə barədə açıqlama veriləcək.
Ötən il İranın Buşəhr nüvə stansiyasının kompüterlərinə düşmüş "Stuxnet" virusu stansiyanın işinin bir müddət dayanmasına səbəb olmuşdu.
2010-cu ilin iyul ayında Kaliforniyada fəaliyyət göstərən "Symantec" şirkəti öz məruzəsində dünya ölkələrinin bir çoxunda "Stuxnet" virusunun yayıldığını elan edib. Şirkətin məruzəsində bildirilib ki, dünyada yayılmış virusun 60 faizi İranın internet şəbəkəsindədir.
İranın Nüvə Enerjisi Təşkilatının sabiq sədri (hazırda XİN rəhbəri) Əli Əkbər Salehi bildirmişdi ki, "Stuxnet" virusu Buşəhr nüvə stansiyasının əsas kompüterlərində yoxdur və bəzi şəxsi notbuklara düşüb. Buna baxmayaraq, İranın Passiv Müdafiə Təşkilatının rəhbəri Cəlali Almaniyanın "Siemens" şirkətini İranın nüvə stansiyalarına virus hücumunda təqsirli bilinərək məhkəməyə verilməsini tələb etmişdi.
BBC-nin məlumatına görə, SCADA proqram təminatı paketi Almaniyanın "Siemens" şirkətinin istehsalıdır. Bu proqram təminatı dünyanın bir çox ölkələrində böyük və mürəkkəb sənaye müəssisələrində, o cümlədən İranın atom müəssisələrində istifadə olunur.
Ekspertlər hesab edirlər ki, "Stuxnet" virusu yalnız SCADA proqram təminatı ilə işləyən müəssisələr üçün istehsal olunub.
Cəlali "Stars" virusu ilə bağlı deyib ki, yeni virus sistemə uyğun işləyir və onu ilk mərhələdə məhv etmək ehtimalı çox azdır. "Virusu bəzi dövlət orqanlarının faylları ilə səhv salmaq ehtimalı var və bunun üçün mütəxəssislərimiz virusu analiz edirlər", - Cəlali deyib.