...

İranın xarici işlər nazirinin müavini Misirə səfər edəcək

Dünya xəbərləri Materials 3 May 2011 14:33 (UTC +04:00)
İranın xarici işlər nazirinin müavini yaxın günlərdə Misirə səfər edəcək. O, Misir rəsmiləri ilə İran və Misir əlaqələrinin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparacaq.
İranın xarici işlər nazirinin müavini Misirə səfər edəcək

Azərbaycan, Bakı, 3 may /Trend/

İranın xarici işlər nazirinin müavini yaxın günlərdə Misirə səfər edəcək. O, Misir rəsmiləri ilə İran və Misir əlaqələrinin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparacaq. Bunu İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərəmirad deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, ötən gün Qətərə səfəri çərçivəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi misirli həmkarı Nəbi əl-Ərəbi ilə telefon danışığı aparıb. "Nazirlərin telefon danışığı zamanı İran XİN rəhbərinin müavininin Misirə səfəri ilə bağlı razılıq əldə olunub", - Kərəmirad deyib.

Məlumatda Misirə səfər edəcək diplomatın adı açıqlamayıb, lakin ehtimal olunur ki, bu, xarici işlər nazirinin Yaxın Şərq ölkələri üzrə müavini Məhəmmədrza Rauf Şeybanidir.

İranla Misir arasında münasibətlər 1978-ci ildən - Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. Münasibətlər Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Bundan əvvəl İran və Misirin xarici işlər nazirləri Əli Əkbər Salehi və Nəbil əl-Ərəbi öz çıxışlarında iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. MEHR agentliyi aprelin 29-da məlumat verib ki, Əli Əkbər Salehi iyun ayında İndoneziyada keçiriləcək Tərəfsiz Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclası çərçivəsində misirli həmkarı Nəbil əl-Ərəbi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti