...

Xatəminin yenidən siyasətə qayıtması onun tutacağı mövqedən asılıdır - "Sepah" komandanı

Dünya xəbərləri Materials 5 İyul 2011 14:46 (UTC +04:00)
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandanı Məhəmmədəli Cəfəri İslahatçılar düşərgəsinin lideri Məhəmməd Xatəminin siyasi fəaliyyət göstərməsi üçün şərtləri açıqlayıb.
Xatəminin yenidən siyasətə qayıtması onun tutacağı mövqedən asılıdır - "Sepah" komandanı

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandanı Məhəmmədəli Cəfəri İslahatçılar düşərgəsinin lideri Məhəmməd Xatəminin siyasi fəaliyyət göstərməsi üçün şərtləri açıqlayıb. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Cəfəri "Mehr" agentliyinə müsahibəsində "Sepah"ın siyasi, iqtisadi, ictimai fəaliyyəti və ölkədə siyasi cinahlarla bağlı mövqeyini açıqlayıb.

Komandan müsahibəsində İranın İslahatçılar düşərgəsi rəhbərlərinin hazırkı mövqeyi və İranın sabiq prezidenti Məhəmməd Xatəminin gələcəkdə ölkədəki siyasi proseslərə qatılması barədə danışıb. "İslahatçılar düşərgəsindən "qırmızı xətt"i keçməyən şəxslər təbii ki, siyasi proseslərə qoşula bilərlər, lakin Xatəminin buna nə qədər nail ola biləcəyi onun tutacağı mövqedən asılıdır", - o deyib.

Cəfəri əlavə edib ki, Xatəmi "fitnə hərəkatı" zamanı (İran rəsmiləri 2009-cu ildə prezident seçkilərindən sonra etirazları "fitnə hərəkatı" adlandırır) imtahandan yaxşı çıxmadı, "fitnə hərakatı" liderlərinə dəstək oldu və indiyə kimi də öz mövqeyindən dönməyib. "Əgər Xatəmi siyasi fəaliyyət göstərmək istəsə, inanmıram ki, xalq ona bu icazəni versin, lakin "qırmızı xətt"i keçməyən digər şəxslər siyasi proseslərdə iştirak edə bilərlər", - "Sepah" komandanı deyib.

2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xatəmi prezident seçkisində namizədlikdən imtina edərək, Mirhüseyn Musəvini dəstəkləmişdi. Bundan başqa, o, hələ ötən illərdə Prezident Mahmud Əhmədinejadın iqtisadi, daxili və xarici siyasətini tənqid edib. Bir neçə ay əvvəl 2009-cu ildə keçirilən seçkidən sonra başlamış böhranın hələ də davam etdiyini deyən Xatəmi, gələcək parlament seçkilərində iştirak etmək üçün ən azından İslahatçılar düşərgəsindən olan həbs edilmiş şəxslərin azadlığa buraxılmasını istəmişdi.

2012-ci il martın 12-də İranda parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti