Azərbaycan, Bakı, 31 avqust /Trend/
Bu ilin fevralında Liviyada Müəmmər Qəddafi rejiminə qarşı kütləvi xalq etirazları başlayandan 50 min nəfər həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Keçid Şurasının təmsilçisi, polkovnik Hişam Buhaqyar bildirib.
Qiyamçılar əvvəllər təxminən 20 min nəfərin həlak olduğunu bildirirdi.
"Misrat və Zlitanda 15-17 min həlak olub, dağlıq Cəbəl-Nafus massivində gedən döyüşlərdə də çoxlu sayda insan həyatını itirib. Biz 28 minədək məhbusu azad etmişik. Hesab edirik ki, itkin düşənləri də həlak olmuş saymaq olar", - polkovnik vurğulayıb.
Polkovnik Buhaqyar bir həftə əvvəl Tripolini nəzarətə götürmüş qoşunların komandanıdır.
Liviyada 40 illik hakimiyyətdə olan Müəmmər Qəddafinin istefası tələbi ilə fevralın ortalarında kütləvi nümayişlər başlayıb. Kütləvi etirazlar sonradan qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalara keçib. Fevralın sonunda Liviyanın şərqindəki Benqazi şəhərində qiyamçılar Keçid Milli Şurası (KMŞ) yaradıb, onu ölkədə yeganə legitim orqan elan ediblər. ABŞ da daxil olmaqla, 45 ölkə Qəddafi rejiminin qeyri-legitim olduğunu bildirib, Liviya xalqının qanuni təmsilçisi kimi Şuranı tanıdığını bəyan edib.
Qiyamçı dəstələri NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolinin böyük bir hissəsini ələ keçiriblər. Liviya Cəmahiriyyəsinin lideri Qəddafinin aqibəti barədə isə dəqiq məlumat yoxdur. Onun həbsi üçün böyük miqdarda mükafat vəd edilib.