Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir E.Tariverdiyeva/
ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin İranın Bakıda xarici vətəndaşlara qarşı terror aktı planlarının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarını xüsusilə ictimai yerlərdə sayıq olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə səfirliyin saytı məlumat verib. Səfirlik ABŞ vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə təhlükə qalmaqdadır.
"Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır", - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumata əsasən, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Balaqardaş Dadaşov ötən il avqustun 11-də Ərdəbildəki mənzilində öz əlaltısı Rasim Əliyevə xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürməyi sifariş edib.