Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Tağıyeva/
Son on il ərzində Türkiyə Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində 1470 hərbi qulluqçu həlak olub. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hərbi qulluqçuların ölümünə əsasən silahla ehtiyatsız davranış, yol-nəqliyyat qəzaları, bədbəxt hadisələr (yıxılma, yanğın zamanı həlak olma, boğulma, eləcə də intihar) səbəb olub.
Qeyri-döyüş şəraitində hərbi qulluqçuların həlak olması hallarının əksəriyyəti intiharların payına düşür. On il ərzində 934 hərbçi intihar edib. Nazirliyin məlumatına görə, onların sayı artmaqda davam edir.
Belə halların baş verməsinin qarşısını almaq üçün nazirlik hissələrdə psixoloji dəstək mərkəzləri yaradıb. Son illər ərzində bu mərkəzlərə müraciət edənlərin sayında da kəskin artım qeydə alınıb.