Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Tağıyeva /
Liviyanın Hərbi Şurasının rəhbəri Əbdülhakim Belhəc dünən istefa verib. Trend-in məlumatına görə, bu barədə İslamweb saytı xəbər verib.
Agentliyin məlumatına görə, Belhəc Hərbi Şuranın rəhbəri postundan istefaya getməsinin səbəbini Liviya Milli Konqresinə (parlamentə) üzvlüyə namizədliyini irəli sürməsini planlaşdırması ilə izah edib. Belhəcin sözlərinə görə, Liviyada hərbi idarəetmədən mülki idarəetməyə keçid vacibdir.
Liviya parlamentinə iyunun 19-na nəzərdə tutulan seçkilər son 45 ildə ölkədə ilk ümummilli seçkilər olacaq. Liviya Cəmahiriyyəsinin lideri Müəmmər Qəddafinin idarəçiliyi dövründə ölkədə seçkilər keçirilməyib.
Liviya parlamentinə 200 deputat seçiləcək. Onlardan 80 yeri müxtəlif partiyalar, yerdə qalan 120 yeri isə müstəqil deputatlar tutacaqlar.
Liviyanın Seçki Komissiyasının məlumatına görə, bugünədək ölkədə 1,5 milyondan artıq seçici qeydiyyata alınıb. Altı milyon əhalidən 3,4 milyona yaxını isə səsvermə hüququna malik şəxslərdir.