Azərbaycan, Bakı, 18 may / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin İraqdakı səfiri Yunus Dəmirər dünən bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı İraq XİN-ə istinadən xəbər verir.
Dəmirəri Qonşu dövlətlərlə əlaqələr departamentinin rəhbəri Valid Hamid Şaltaq qəbul edib və o, İraq tərəfinin Türkiyənin Bəsrə və Mosul şəhərlərindəki konsullarının bəzi fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.
Şaltaq qeyd edib ki, türk konsullar səlahiyyətlərinin çərçivəsindən kənara çıxan bəzi addımlar atıblar.
Son aylar Türkiyə və İraq arasındakı münasibətlər son dərəcə gərgindir. Buna səbəb Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İraqın Baş naziri Nuri əl-Malikinin idarəçiliyini ölkədə sünnilər, şiələr və kürdlər arasında ədavət salan avtoritar adlandırması olub.
Buna cavab olaraq əl-Maliki bəyan edib ki, Türkiyə öz Baş nazirinin hərəkətlərinə görə regionda "düşmənçilik tendensiyalarına malik dövlətə" çevrilib.