...

İran və "5+1" ölkələri arasında müzakirələrə ev sahibliyi - Nə üçün məhz Qazaxıstan?

Dünya xəbərləri Materials 5 Fevral 2013 15:21 (UTC +04:00)
Qazaxistan rəsmən İran və 5+1 ölkələri arasında nüvə məsələsi ilə bağlı müzakirələrə evsahibliyi edəcəyini təsdiq edib. Lakin, nə üçün məhz Qazaxıstan
İran və "5+1" ölkələri arasında müzakirələrə ev sahibliyi - Nə üçün məhz Qazaxıstan?

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

Qazaxıstan rəsmən İran və "5+1" ölkələri arasında nüvə məsələsi ilə bağlı müzakirələrə ev sahibliyi edəcəyini təsdiq edib. Lakin nə üçün məhz Qazaxıstan?

İranın təşəbbüsü ilə 2012-ci ildə nüvə müzakirələri Türkiyə, İraq və Rusiyada keçirildi. Nuri əl-Malikinin rəhbərliyi ilə İraqın şiə hakimiyyəti İranın yaxın müttəfiqidir. Türkiyə isə müsəlman ölkə olması ilə yanaşı, Qərbin birbaşa sanksiyalarına riayət etməkdən imtina edən və İranın böyük iqtisadi tərəfdaşıdır. Rusiya isə "altılıq" ölkələrindən (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almanya) biridir, həm də Qərbə münasibətdə İranla təxminən eyni mövqedədir.

İran bu il nüvə müzakirələrinin Misirdə keçirilməsinə təkid edirdi, ancaq "5+1" ölkələri bunu rədd etdi. Misir müsəlman ölkəsidir, eləcə də İran neçə illərdir çalışır ki, bu ölkə ilə münasibətlərini genişləndirsin. Qeyd edək ki, iki ölkə 33 ildir diplomatik münasibətləri kəsiblər. Hər iki ölkə həm də Qoşulmama Hərəkatının üzvüdür. Keçən il bu hərəkatın sədrliyi Misirdən İrana təhvil verildi.

İran Misirlə yanaşı, növbəti müzakirələrin İsveçrə, İsveç, yaxud Türkmənistanda keçirilməsini də dəstəklədiyini bildirib. İsveçrə İrana qarşı Avropa sanksiyalarını tətbiq etməkdən imtina edib, onsuz da bu ölkə Avropa İttifaqına daxil deyil. İsveç isə Qərb və İsrail mətbuatının yaydığı məlumatlara görə, 2012-ci ilin yanvar ayında Avropanın İranın neft satışı və bank sektoruna qəbul etdiyi sanksiyaların əleyhinə idi.

Qazaxıstana gəldikdə, bu ölkə həm müsəlman ölkəsidir, həm NATO-ya qarşı yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür, həm də illik 20 min ton uran ixracatı olan bir ölkədir.

Demək, İranın bütün seçimləri məqsədlidir.

Məlum məsələdir ki, nüvə müzakirələrinin harada keçirilməsinin nəticə etibarilə heç bir fərqi olmayacaq, lakin fikrimcə, İran iki istiqamətdə çalışır. Birinci istiqamət, əməkdaşlığın genişləndirilməsinə potensial imkanı olan ölkələrlə münasibətləri yaxınlaşdırmaq, onlara rəsmi Tehranın xüsusi diqqətini çatdırmaq, ikincisi isə, "5+1" formatını genişləndirmək. İran bundan əvvəl də bildirmişdi ki, digər ölkələrin də nüvə proqramı ətrafında müzakirələrə qoşulmasının tərəfdarıdır. Məsələn, Türkiyə, yaxud Misir.

İranın nüvə müzakirələrində "altılıq" ölkələrinin "inhisarçılığı"na son qoymaq istəyinə nə qədər nail olacağı məlum deyil, ancaq bu cəhd ən azı müsəlman ölkələrinin belə bir mövqedə iştirak etmək arzusu ilə üst-üstə düşür və haqlı olaraq onlara beynəlxalq problemlərin həllində daha böyük yer verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti