...

Tehranın meri prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

Dünya xəbərləri Materials 11 May 2013 10:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İranda "Üçlər İttifaqı"nın üzvlərindən biri olan Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bu barədə Trend İLNA agentliyinə istinadən xəbər verir.

Qalibaf İranın İslam İnqilabı Keşikçilər Korpusunun Hava Qüvvələrinin komandiri və İran Polisinin komandiri vəzifələrində çalışıb. O, 2005-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürsə də, az səs toplayıb. Bundan sonra Tehran Şəhər Şurası onu Tehranın meri vəzifəsinə seçib. O, indiyədək bu vəzifədə çalışır.

Hakim Konservativlər Düşərgəsindən olan İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Parlamentinin sabiq spikeri Qulaməli Həddad-Adil və Tehran meri Məhəmmədbağır Qalibaf seçkilərə hələ bir neçə ay qalmış seçkilərdə işitrak etmək üçün "Üçlər İttifaqı"nı yaratdılar. Ötən gün "Üçlər İttifaqı"nın digər üzvü, Parlamentin sabiq spikeri Qulaməli Həddad-Adil ölkə prezidentliyinə namizəd qismində qeydiyyatdan keçib. Bir neçə ay əvvəl "Üçlər İttifaqı" yaradılan zaman onun üzvləri qarşıdakı prezident seçkilərində bir namizədi dəstəkləyəcəklərini bildirmişdilər. Lakin iki gün öncə "Üçlər İttifaqı"nın üzvi olan 3 nəfər hər üçünün qeydiyyatdan keçəcəyini açıqlayıb. Daha sonra digər iki nəfər öz namizədilklərini sorğunun nəticələri əsasında qələbə qazanma şansı daha çox olanın xeyrinə geri götürəcək.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsinə başlanılıb. Qeydiyyat prosesi bu gün yekunlaşır.

İndiyədək prezident seçkilərində iştirak etmək üçün 366 namizəd qeydiyyatdan keçib. Onlardan 12-i qadındır.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti