Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Rusiya Dövlət Duması Qərbi Ukraynanın daxili işlərinə müdaxilə vasitəsilə oradakı vəziyyəti gərginləşdirməməyə, Ukrayna müxalifətini isə hakimiyyətlə dialoqa getməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks" xəbər yayıb.
Rusiyalı deputatların çərşənbə günü qəbul etdikləri bəyanatda deyilir: "Dövlət Duması beynəlxalq hüquq normalarını pozaraq suveren Ukraynanın daxili işlərinə qarışan xarici siyasi dairələri münaqişənin sonrakı eskalasiyasına köməyi dayandırmağa çağırır".
Dövlət Dumasında hesab edirlər ki, vəziyyətin kəskinləşməsinə həm Ukrayna müxalifətindəki ekstremist qüvvələr, həm də münaqişənin sonrakı eskalasiyasına kömək edən Qərb siyasətçiləri səbəb olublar.
Bəyanatda deyilir: "Ukraynada vəziyyətin kəskinləşməsinə görə müxalifətin ekstremist hissəsinin nümayəndələrindən başqa, müxalifətin təşkil etdiyi mitinqlərdə çıxış edən və suveren Ukraynanın daxili işlərinə kobud şəkildə qarışan Qərb siyasətçiləri də məsuliyyət daşıyırlar. Dövlət Duması bir daha Ukraynaya Avropa İttifaqı ilə assosiasiyanın xeyrinə geosiyasi seçim etməyə vadar edən xarici təzyiqin yolverilməzliyi haqqında xəbərdarlıq edir".