...

Rusiya AŞPA-nı münasibətlərin müvəqqəti dayandırılması ilə bağlı rəsmən xəbərdar edib

Dünya xəbərləri Materials 3 İyun 2014 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Moskva AŞPA ilə əməkdaşlığı dayandırması və assambleyanın yay sessiyasında iştirakdan imtina etdiyi barədə qurumu rəsmən məlumatlandırıb. Bunu RF Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.

Puşkov "İzvestiya" qəzetinə müsahibəsində deyib: "Rusiyanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etməyəcək. Biz assambleya ilə əməkdaşlığı müvəqqəti - nə qədər ki, nümayəndə heyətimizə qarşı sanksiyalar qüvvədədir - dayandırmışıq. Bu barədə mayın 26-da AŞPA-nın Prezident komitəsinin üzvü Tini Koks Moskvaya gələndə və DD-nin sədri Sergey Narışkinlə görüşəndə məlumatlandırılıb".

O xatırladıb ki, Narışkin AŞPA sədri Ann Brasörə məktub da göndərib: "Məktubda Rusiyanın Krım və Ukrayna böhranı ilə bağlı əsaslandırılmış mövqeyi göstərilir, Rusiya nümayəndə heyətinin AŞPA-nın bir sıra səlahiyyətlərindən məhrum edilməsi barədə qərarı tənqid edilir və deyilir ki, biz dialoqdan imtina etmirik, amma sanksiyalar dilini rədd edirik, çünki onlar əməkdaşlığı qeyri-mümkün edirlər. Dövlət dumasının sədri yalnız Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpasından sonra Strasburqa baş çəkməyə və orada çıxış etməyə hazır olduğunu ifadə edib".

Apreldə AŞPA Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı qətnamə qəbul edib və səs vermək, 2014-cü ilin sonuna kimi rusiyalı parlamentariləri assambleyanın və onun rəhbər orqanlarının işində iştirak etmək hüququndan məhrum edib. Bunun ardınca, Dövlət Duması Rusiya barəsində sanksiyalar qüvvədə qaldıqca AŞPA çərçivəsində dialoqun yenilənməsinin qeyri-mümkünlüyü haqqında bəyanat qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti