Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Gürcüstan hökuməti ölkənin beynəlxalq imicini, strateji etibarlılığını və hətta ola bilsin ki, müstəqilliyini hədələyən ciddi siyasi böhran keçirir. ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Tallindəki Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza belə hesab edir.
Brayza cümə axşamı Trend-ə bildirib: "Gürcü arzusu" koalisiyası daxilindəki çoxillik gərginlik hərəkatın nisbətən daha təcrübəli liderlərinin itirilməsinə gətirib çıxardı. Həmçinin, o kəslərin ki, onlar artıq çoxdan bəri Gürcüstanın Transatlantik cəmiyyətə inteqrasiyası uğrunda, Gürcüstanda seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanmış hədəf uğrunda mübarizə aparırlar".
Hazırkı vəziyyətin Gürcüstanın Avropaya inteqrasiyası prosesinə necə təsir etdiyi barədə suala cavab verən Brayza deyib ki, bu, ölkə hakimiyyətində kimin qalacağından asılıdır: "Ölkənin demək olar ki, bütün xarici siyasət özəyinin istefaya getməsindən az sonra Baş nazir Qaribaşvili bəyan etdi ki, Gürcüstan əvvəlki kimi Aİ-nin assosiasiyalar haqqında sazişinə və Gürcüstanın Avropaya inteqrasiyasında irəliləyişin dəstəklənməsinə sadiqdir".
Onun fikrincə, eyni zamanda, Gürcüstanın digər liderləri ölkənin Aİ ilə assosiasiyası üzrə öhdəliklərinin yerinə yetirilməsi barədə çətin qərar qəbul etməli, ya da Moskvanın hədəfləri naminə milli maraqlarla risk etməlidirlər.
Brayza vurğulayıb ki, Rusiya aşkar şəkildə bilavasitə qonşularının Qərbə inteqrasiyasının nə dərəcədə qəti əleyhinə olduğunu nümayiş etdirir.
Dünən Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze və onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da postlarından istefa vermişdilər. Lakin bu gün Baş nazir İrakli Qaribaşvili bəyan edib ki, XİN rəhbərinin birinci müavini David Zalkalianidən başqa digər müavinlərin hamısı öz postlarında qalırlar.
Bundan əvvəl Baş nazir İrakli Qaribaşvili "Gürcü arzusu" blokunun siyasi şurasının iclası başa çatdıqdan sonra müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərdiyini bəyan etmişdi. Alasaniyanın ardınca, onun həmkarı və dostu, Avropa və Avroatlantik intreqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verdi.