...

Türkmənistanda narkotik alverçilərinin amnistiyası qadağan olundu

Dünya xəbərləri Materials 3 Fevral 2015 11:33 (UTC +04:00)
Çərşənbə axşamı Türkmənistanda narkotiklərin qanunsuz dövriyyəsinə görə ittiham edilmiş şəxslər barəsində amnistiyanın tətbiqini qadağan edən qanun qüvvəyə minib.
Türkmənistanda narkotik alverçilərinin amnistiyası qadağan olundu

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Çərşənbə axşamı Türkmənistanda narkotiklərin qanunsuz dövriyyəsinə görə ittiham edilmiş şəxslər barəsində amnistiyanın tətbiqini qadağan edən qanun qüvvəyə minib. Trend məlumat verir ki, bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər yayıb.

Türkmənistan mətbuatında Prezident Qurbanqulı Berdiməhəmmədov tərəfindən imzalanmış "Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və onların qanunsuz dövriyyəsi haqqında" qanuna əlavələr barədə sənəd dərc edilib.

Qanuna edilən əlavələrə görə, "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə günahkar olduğu sübuta yetirilmiş və ittiham edilmiş şəxslər barəsində amnistiya tətbiq edilmir".

Narkotiklər əleyhinə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac olduğunu Prezident Qurbanqulı Berdiməhəmmədov ötən ay bəyan edib. Hökumətin müşavirəsində dövlət başçısı ölkə parlamentinin spikeri Akca Nurberdıyevaya narkotiklərin qanunsuz dövriyyəsində iştiraka görə ittiham edilmiş şəxslərin amnistiyasını qadağan edən, həmçinin belə cinayətlər üçün cəzanı gücləndirən normanın qanunvericiliyə daxil edilməsini tapşırıb.

Bu sahənin ekspertləri etiraf edirlər ki, Türkmənistanda narkotiklərlə bağlı vəziyyət regionun başqa ölkələrinə nisbətən əhəmiyyətli dərəcədə yaxşıdır. Hələ 8-9 il əvvəl Türkmənistanda narkotiklər əldə etmək o qədər də böyük zəhmət tələb etmirdi. Hal-hazırda isə ölkədə tiryək və ya heroin almaq son dərəcədə çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti